← Zephaniah (2/3) → |
1. | Ey utanmaz millət, toplaşın! |
2. | Fərman çıxmadan, O gün saman çöpü tək uçmadan, Rəbbin qızğın qəzəbi başınıza gəlmədən, Rəbbin qəzəb günü sizə yetişmədən öncə toplaşın! |
3. | Ey Rəbbin hökmünə əməl edən sizlər, Ölkədəki itaətkar insanlar, Rəbbə meyl salın! Salehliyə meyl salın! İtaətkarlığa meyl salın! Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz. |
4. | Qəzzə bomboş qalacaq, Aşqelon xarabalığa dönəcək, Aşdod əhalisi günorta çağı qovulacaq, Eqron özülündən söküləcək! |
5. | Dəniz sahilində yaşayanların – Keretlilərin vay halına! Ey Filiştlilərin torpağı Kənan, Rəbbin hökmü sizə qarşıdır, Rəbb hamınızı yox edəcək. Ölkədə heç bir sakin sağ qalmayacaq! |
6. | Dəniz sahilindəki ölkəniz otlaqlara, Çoban daxmalarına və qoyun-keçi ağıllarına dönəcək! |
7. | Bu ölkə Yəhuda nəslindən qalanların əlinə keçəcək, Sürülərini orada otaracaqlar, Axşam Aşqelondakı evlərində yatacaqlar, Çünki özlərinin Allahı Rəbb onları yada salaraq Yenə firavan edəcək. |
8. | «Moavlıların rişxəndlərini, Ammonluların təhqirlərini eşitdim. Xalqıma rişxənd edib lovğalanaraq dedilər ki, Xalqımın sərhədlərini keçəcəklər. |
9. | Buna görə də İsrailin Allahı, Ordular Rəbbi bəyan edir. Varlığıma and olsun ki, Moav mütləq Sodom kimi, Ammon Homorra kimi olacaq: Oraları alaqlar və duzlu çalalar basacaq, Əbədi viranəliyə dönəcək. Xalqımın qalanları oranı talan edəcək, Torpaqlarına millətimdən sağ qalanlar Sahib olacaq». |
10. | Bu onların məğrurluğunun əvəzi olacaq, Çünki bu xalqlar Ordular Rəbbinin xalqına rişxənd edib lovğalandı. |
11. | Rəbb onları dəhşətə salacaq, Yer üzünün bütün allahlarını yox edəcək. Uzaqlarda yaşayan bütün millətlər Olduqları yerlərdə Ona səcdə edəcək. |
12. | «Ey Kuşlular, siz də Mənim qılıncımla öldürüləcəksiniz» Rəbb deyir. |
13. | Rəbb əlini şimala doğru uzadıb Aşşuru yox edəcək, Ninevanı viranəliyə, Səhra kimi quruya çevirəcək, |
14. | Ora sürülərin, hər cür heyvanın Yatdığı yer olacaq. Orada sütun başlarında, Bayquşlar, yapalaqlar yuva quracaq, Onlar pəncərələrdən ulayacaq, Qarğalar kandarlardan qarıldayacaq Evlərdə sidr tirləri görünəcək. |
15. | Bu şəhər zövq-səfalı şəhər idi, Əmin-amanlıq içində yaşayırdı. Hey belə deyərdi: «Mən mənəm, məndən başqası yoxdur!» Necə də bu şəhər xarabalığa döndü, Vəhşi heyvanların yuvası oldu! Yanından keçən hər kəs vahimədən Kənara çəkilir. |
← Zephaniah (2/3) → |