Zephaniah (1/3) → |
1. | Yəhuda padşahı Amon oğlu Yoşiyanın hökm etdiyi dövrdə Xizqiya oğlu Amarya oğlu Gedalya oğlu Kuşi oğlu Sefanyaya Rəbbin sözü nazil oldu. |
2. | Rəbb belə bəyan edir: «Yer üzündən hər şeyi silib-süpürəcəyəm». |
3. | Budur, Rəbb belə bəyan edir: «İnsanları, heyvanları, Göydəki quşları, dənizdəki balıqları, Pis adamları ilə Şər üçün qurulan tələlərini Silib-süpürəcəyəm, İnsanı yer üzündən yox edəcəyəm. |
4. | Əlimi uzadıb Yəhuda və Yerusəlim sakinlərinin Hamısını cəzalandıracağam, Baal bütlərinə ibadətin qalıqlarını, Kahinlərlə bütpərəst din xadimlərinin adlarını da buradan silib atacağam. |
5. | Damlarda göy cisimlərinə səcdə edənləri, Həm Rəbbin adına, həm də Milkom bütü adına And içib səcdə edənləri, |
6. | Rəbbin yolundan dönənləri, Rəbbə müraciət etməyənləri, Rəbdən məsləhət almayanları Buradan yox edəcəyəm». |
7. | Susun Xudavənd Rəbbin qarşısında, Çünki Onun günü yaxınlaşır, Rəbb qurban hazırlayıb, qonaqlarını dəvət edib. |
8. | Rəbb deyir: «O qurban günü əmirləri, şahzadələri, Əcnəbi dəbi ilə geyinənləri cəzalandıracağam. |
9. | O gün kandarından tullanıb keçənləri, Öz ağalarının evlərini zorakılıq və hiylə ilə Dolduranları cəzalandıracağam». |
10. | Rəbb bəyan edir: «O gün Yerusəlimdə Balıqlar darvazasından fəğan səsi, İkinci Məhəllədən fəryadlar, Təpələrdən isə böyük gurultu eşidiləcək». |
11. | Ey bazar məhəlləsinin sakinləri, nalə çəkin! Bütün tacirləriniz məhv olacaq, Tərəzidə gümüş çəkənləriniz qırılacaq. |
12. | O zaman Yerusəlimin hər tərəfini Çıraqlarla axtaracağam, Firavan yaşayan qayğısızları, Ürəklərində «Rəbb nə yaxşılıq, nə də pislik – Heç nə etməz» Deyənləri cəzalandıracağam. |
13. | Var-dövlətləri talan olacaq, Evləri xaraba qalacaq, Tikdikləri evlərdə yaşamayacaqlar, Onlar saldıqları üzümlüklərin Şərablarını içməyəcəklər. |
14. | Rəbbin möhtəşəm günü yaxınlaşır, Yaxınlaşır, tez gələcək. Rəbbin günündə fəryad səsi çıxacaq, İgid adam belə, fəryad edəcək. |
15. | O gün qəzəb günüdür: Hər tərəfi Əziyyət və məşəqqətin, Viran və talanın, Qaranlıq və zülmətin, Qara buludların bürüdüyü gündür! |
16. | O gün istehkamlı şəhərlərə, Hündür künc qüllələrinə qarşı Döyüş üçün çalınan şeypurların, Döyüş nərələrinin səsləndiyi gündür! |
17. | Rəbb deyir: «Adamlara elə bəla göndərəcəyəm ki, Kor kimi hara gedəcəklərini bilməyəcəklər, Çünki Mən Rəbbə qarşı günah ediblər. Qanları su kimi axacaq, Bədənləri yerdə çürüyüb peyin olacaq». |
18. | Rəbbin qəzəb günündə Qızıl-gümüşləri Onları qurtara bilməyəcək, Onun qısqanc qəzəbinin alovunda Bütün ölkə yanıb yox olacaq, Çünki O, bir anda ölkənin sakinlərini qıracaq. |
Zephaniah (1/3) → |