← Zechariah (7/14) → |
1. | Padşah Daranın hakimiyyətinin dördüncü ilində, doqquzuncu ay olan Kislev ayının dördüncü günü Zəkəriyyəyə Rəbbin sözü nazil oldu. |
2. | O vaxt Bet-El əhalisi Sar-Eseri, Reqem-Meleki və onun adamlarını Rəbbin hüzuruna yalvarmağa göndərdi ki, |
3. | Ordular Rəbbinin evində olan kahinlərlə peyğəmbərlərdən «İllərlə etdiyimiz kimi beşinci ayda yenə də oruc tutub ağlayaqmı?» deyə soruşsunlar. |
4. | Onda mənə Ordular Rəbbinin bu sözü nazil oldu: |
5. | «Bütün ölkə xalqına və kahinlərə söylə: “Yetmiş il ərzində beşinci və yeddinci aylarda Oruc tutub yas saxladığınız zaman Mənim üçünmü oruc tuturdunuz? |
6. | Yeyib-içdiyiniz zaman Özünüz üçün yeyib-içmirdinizmi?” |
7. | Yerusəlim əmin-amanlıq içində yaşayarkən, ətrafındakı şəhərlər, Negev və yamaclı-düzənlikli bölgədə insanlar sakin olarkən Rəbb indi dediyi bu sözləri əvvəlki peyğəmbərlər vasitəsilə söyləməmişdimi?» |
8. | Zəkəriyyəyə Rəbbin bu sözü nazil oldu: |
9. | «Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin. |
10. | Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər tutmayın”. |
11. | Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını bağladı. |
12. | Ordular Rəbbinin Öz Ruhu ilə əvvəlki peyğəmbərlər vasitəsilə göndərdiyi qanunu və nəsihətləri eşitməmək üçün ürəklərini almaz kimi sərtləşdirdilər. Buna görə də Ordular Rəbbi onlara çox qəzəbləndi. |
13. | Ordular Rəbbi deyir: “İndi ki Mən onları çağıranda qulaq asmadılar, onlar da çağıranda Mən qulaq asmayacağam. |
14. | Onları qasırğa kimi tanımadıqları millətlərin arasına səpələdim. Arxada qoyduqları torpaq elə viran qaldı ki, oraya gedib-gələn olmadı. Gözəl torpaq xaraba qaldı”». |
← Zechariah (7/14) → |