← Zechariah (4/14) → |
1. | Mənimlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı. |
2. | O məndən soruşdu: «Nə görürsən?» Mən dedim: «Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı üçün bir qab, üzərində yeddi çıraq, çıraqlarda isə yeddi lülə var. |
3. | Çıraqdanın yanında isə biri yağ qabının sağında, o biri solunda olmaqla iki zeytun ağacı var». |
4. | Sonra mənimlə danışan mələkdən soruşdum: «Ay ağam, bunlar nədir?» |
5. | Mənimlə danışan mələk «Bunların nə olduğunu bilmirsənmi?» deyə soruşdu. Mən də «yox, ağam» dedim. |
6. | O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi. |
7. | Sən kimsən, ey uca dağ? Zerubbabilin önündə düzənliyə çevriləcəksən. O “nə gözəldir, nə gözəldir” nidaları altında Məbədin təpə daşını götürəcək». |
8. | Mənə Rəbbin sözü nazil oldu: |
9. | «Bu evin təməlini Zerubbabilin əlləri qoydu, Onun əlləri də bunu sona çatdıracaq. Onda biləcəksən ki, Ordular Rəbbi Məni sizin yanınıza göndərib. |
10. | Bu günü kim əhəmiyyətsiz hesab edə bilər? Məhz bu gün adamlar Zerubbabilin əlində şaqulu görəndə sevinəcək. Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir». |
11. | Mən ondan soruşdum: «Bəs çıraqdanın sağ və solunda olan bu iki zeytun ağacı nədir?» |
12. | Sonra yenə soruşdum: «İki qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu iki zeytun budağı nədir?» |
13. | O məndən soruşdu: «Bunların nə olduğunu bilmirsənmi?» Mən də «yox, ay ağam» dedim. |
14. | O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir». |
← Zechariah (4/14) → |