← Zechariah (11/14) → |
1. | Ey Livan, qapılarını aç ki, Od sənin sidr ağaclarını yandırıb-yaxsın. |
2. | Ey şam ağacı, fəryad et, Çünki sidr ağacı yıxıldı, Hündür ağaclar məhv oldu. Fəryad edin, ey Başan palıdları, Qalın meşənin ağacları böyrü üstə aşdı. |
3. | Çobanların fəryadını eşit, Çünki onların fəxr etdikləri Otlaqları məhv oldu. Cavan aslanların nəriltisinə qulaq as, Çünki İordan çayının kənarındakı sıx meşə yox oldu. |
4. | Allahım Rəbb belə deyir: «Kəsmək üçün ayrılmış sürünü sən otar. |
5. | O sürünün qoyunlarını alanlar onları kəssə də, təqsirsiz qalır. Onları satanlar isə “Rəbbə alqış olsun ki, dövlətli oldum” deyir. Çobanlar öz sürülərinə acımır. |
6. | Mən də daha ölkədə yaşayan xalqa acımayacağam» bəyan edir Rəbb. «Hər kəsi öz qonşusuna və padşahına təslim edəcəyəm. Ölkəni dağıdacaqlar, Mən də xalqı əllərindən qurtarmayacağam. |
7. | Buna görə də kəsmək üçün ayrılmış sürünün zəiflərini otardım. Özümə iki dəyənək götürdüm, birini “Lütf”, o birini isə “Birlik” adlandırdım və sürünü otarmağa başladım. |
8. | Bircə ayın içində üç çobanı işdən qovdum, çünki onların əlindən təngə gəlmişdim, onların da Məndən zəhləsi gedirdi. |
9. | Sonra sürüyə dedim: “Daha sizi otarmayacağam. Ölən ölsün, kəsilən kəsilsin, yerdə qalanlar da bir-birlərinin ətini yesin”. |
10. | Sonra “Lütf” adlı dəyənəyimi götürdüm və bütün xalqlarla bağladığım əhdi pozmaq üçün onu qırdım. |
11. | Beləcə əhd o gün pozuldu. Sürünün Mənə qulaq asan zəifləri bunun Rəbbin sözü olduğunu anladı. |
12. | Mən onlara dedim: “Əgər bu sizə xoşdursa, Mənim muzdumu verin, əgər belə deyilsə, verməyin”. Onlar Mənə muzd olaraq otuz gümüş verdi. |
13. | Rəbb Mənə dedi: “Onların Məni qiymətləndirdiyi bu yüksək muzdu dulusçuya at”. Beləcə otuz gümüşü götürüb Rəbbin məbədində olan dulusçuya atdım. |
14. | Sonra Yəhuda ilə İsrail arasındakı qardaşlığı pozmaq üçün “Birlik” adlı o biri dəyənəyimi də qırdım. |
15. | Rəbb mənə dedi: “Yenə ağılsız bir çobanın əşyalarını özün üçün götür. |
16. | Mən ölkəyə elə bir çoban qoyacağam ki, oğurlananlara baxmayacaq, itmişləri axtarmayacaq, xəstələri sağaltmayacaq, sağlamları bəsləməyəcək. Ancaq kök qoyunların ətini yemək, pəncələrini kəsməklə məşğul olacaq. |
17. | Sürünü tərk edən yaramaz çobanın vay halına! Qılınc onun qolunu və sağ gözünü vursun! Qoy onun qolu qurusun, sağ gözü kor olsun!”» |
← Zechariah (11/14) → |