← Titus (2/3) → |
1. | Sənsə sağlam təlimə uyğun olanı öyrət. |
2. | Yaşlı kişilər ayıq, ləyaqətli, ağıllı-kamallı, imanda, məhəbbətdə və dözümdə sağlam olsunlar. |
3. | Yaşlı qadınlar da eyni şəkildə müqəddəslərə yaraşan tərzdə davransınlar. Böhtançı, şərab düşkünü olmasınlar və xeyirli şeyləri öyrədərək |
4. | tərbiyə etsinlər ki, gənc qadınlar ərlərini və uşaqlarını sevsinlər, |
5. | ağıllı-kamallı, ismətli, evdar, xeyirxah, öz ərlərinə tabe olsunlar. O zaman Allahın kəlamına küfr olunmaz. |
6. | Gənc oğlanlara da ağıllı-kamallı olmaq üçün nəsihət ver. |
7. | Yaxşı işlər görərək hər şeydə özünü nümunə göstər. Təlimdə dürüst və ləyaqətli olaraq |
8. | tənqid olunmaz sağlam sözlər danış ki, sənə qarşı çıxanlar bizim haqqımızda pis bir söz deyə bilməyib utansın. |
9. | Qulları başa sal ki, hər şeydə öz ağalarına tabe olsunlar, onları razı salsınlar. Qoy cavab qaytarmasınlar, |
10. | oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər. |
11. | Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. |
12. | Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. |
13. | Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. |
14. | O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın. |
15. | Bunları tam bir səlahiyyətlə bildir, nəsihət ver və məzəmmət et. Qoy heç kim sənə hörmətsizlik etməsin. |
← Titus (2/3) → |