SongOfSongs (1/8) → |
1. | Bu nəğmələr nəğməsi Süleymanındır. Qız: |
2. | Qoy dodaqların məni öpdükcə öpsün, Çünki eşqin şərabdan da yaxşıdır. |
3. | Vurduğun ətrin qoxusu nə gözəldir, Adın belə, ətirqabıdan tökülən ətri xatırladır, Ona görə qızların sevimlisi olmusan. |
4. | Bağrına bas məni, səninlə qaçaq, Qoy padşah məni otağına aparsın. Qızın rəfiqələri: Səninlə sevinib biz şadlanarıq, Şərabdan da artıq eşqinizi anarıq. Qız: Sənə heyran olanlar haqlıdır. |
5. | Ey Yerusəlimdəki qızlar, Qedar çadırları tək, Süleymanın pərdələri tək Qaralsam da mən, Yenə gözələm. |
6. | Baxmayın ki, mən qarayanızam, Günəşdən qaralmışam, Qardaşlarımın mənə qəzəbi tutarkən Məni üzümlüklərinə qarovulçu qoydular. Mən də öz üzümlüyümə baxa bilmədim. |
7. | Ey könlümün sevgilisi, söylə mənə: Sürünü harada otarırsan? Günorta sürünü harada yatırırsan? Niyə sənin dostlarının sürülərinin yanında gedən, Üz-gözünü bürüyən bir qadına bənzəyim? Qızın rəfiqələri: |
8. | Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən, Sürülərin izi ilə get, Oğlaqlarını çoban çadırlarının yanında otar. Oğlan: |
9. | Ey yarım, sən Fironun arabalarını çəkən Gözəl madyana bənzəyirsən. |
10. | Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən. |
11. | Sənə düymələri gümüşdən Qızıl silsilə düzəldəcəyik. Qız: |
12. | Padşah süfrəsində oturarkən Hər yanı nard çiçəyimin ətri bürüyür. |
13. | Mənim üçün sevgilim Döşlərimin arasında yatan mirra kisəsidir. |
14. | Mənim üçün sevgilim En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür. Oğlan: |
15. | Ey yarım, nə gözəlsən, nə gözəlsən! Göyərçin gözlüsən! Qız: |
16. | Ey sevgilim, nə gözəlsən, Sən nə qədər şirinsən! Yaşıldır yatağımız. Oğlan: |
17. | Evlərimizin dirəkləri sidr ağacındandır, Tavanımızın oymaları şam ağacındandır. |
SongOfSongs (1/8) → |