← Ruth (2/4) → |
1. | Naominin əri Elimelekin nəslindən Boaz adlı mərd və xeyirxah bir qohumu var idi. |
2. | Bir gün Moavlı Rut Naomiyə dedi: «İzin ver, zəmilərə gedim. Kimin gözündə lütf tapsam, onun ardınca düşüb başaq yığaram». Naomi ona «get, qızım» dedi. |
3. | Rut getdi və bir zəmiyə girib biçinçilərin ardınca başaq yığmağa başladı. Təsadüfən o, Elimelekin nəslindən olan Boazın sahəsinə girmişdi. |
4. | Bu vaxt Boaz Bet-Lexemdən gəldi və biçinçilərə dedi: «Qoy Rəbb sizinlə olsun!» Biçinçilər cavab verdilər: «Rəbb sənə xeyir-dua versin». |
5. | Boaz biçinçilərə nəzarət edən nökərinə dedi: «Bəs bu cavan qadın kimdir?» |
6. | Nökər cavab verdi: «Bu cavan qadın Moavlıdır. O, Moav torpağından buraya Naomi ilə birlikdə gəlib. |
7. | Mənə dedi: “Rica edirəm, qoy biçinçilərin ardınca düşüm və dərzlərin arasından düşən başaqları yığıb toplayım”. Səhərdən gəlib, indiyəcən buradadır, talvar altında isə lap az dincəlib». |
8. | Boaz Ruta dedi: «Mənə qulaq as, qızım! Başaq yığmaq üçün buradan ayrılıb başqa zəmiyə getmə. Burada işləyən mənim qulluqçu qızlarımla qal. |
9. | Yalnız biçinçilərin biçdiyi bu zəmiyə gözünü dik və qızların ardınca get. Nökərlərə əmr etmişəm ki, heç kimin səninlə işi olmasın. Əgər susasan, su qablarının yanına gedib nökərlərin çəkdiyi sudan iç». |
10. | Rut üzüstə yerə düşdü və yerədək təzim edərək dedi: «Nəyə görə mən gözlərində lütf tapdım? Nə üçün mənə hörmət edirsən? Axı mən bir qəribəm». |
11. | Boaz ona cavab verdi: «Ərin öləndən sonra qayınanana etdiyin hər şeyi eşitmişəm. Sən atanı, ananı, doğma torpağını atıb heç tanımadığın bir xalqın yanına gəlmisən». |
12. | Bu işinin əvəzini qoy Rəbb versin! Qoy qanadı altına sığınmaq üçün gəldiyin İsrailin Allahı Rəbb sənə bol mükafat versin! |
13. | Rut dedi: «Qoy sənin gözündə lütf tapım, ağam, necə də mənə təsəlli verdin. Sənin kənizlərinə tay olmadığım halda bu kənizini ürəkləndirən sözlər söylədin». |
14. | Yemək zamanı Boaz Ruta dedi: «Buraya gəl, sən də çörəkdən ye, tikəni sirkə-şirəyə batır». Qadın gəlib biçinçilərin yanında əyləşdi. Boaz ona qovurğa uzatdı. Qadın yeyib-doydu və yeməyindən artıq da qaldı. |
15. | Rut başaq yığmaq üçün ayağa qalxanda Boaz nökərlərinə əmr edib dedi: «Qoy o gedib dərzlərin arasından başaq yığsın, onu incitməyin. |
16. | Dərzlər arasından çəkib onun üçün də atın ki, o da yığsın. Onu qınamayın». |
17. | Rut axşama qədər zəmidə başaq yığdı və yığdığı başağı döyüb bir efaya yaxın arpa çıxartdı. |
18. | Sonra onu götürüb şəhərə gəldi. Qayınanası gördü ki, o, başaq gətirib. Rut naharda doyandan sonra artıq qalan yeməyini qayınanasına verdi. |
19. | Qayınanası ona dedi: «Bu gün harada başaq yığmısan? Harada işləmisən? Sənə hörmət edən qoy xeyir-dua alsın!» Rut yanında işlədiyi adam haqqında qayınanasına danışıb dedi: «Bu gün yanında işlədiyim adamın adı Boazdır». |
20. | Naomi gəlininə dedi: «Dirilərdən və ölülərdən Öz xeyirxahlığını əsirgəməyən Rəbb qoy ona xeyir-dua versin!» Naomi yenə dedi: «O, qohumumuzdur, yaxın qəyyumlarımızdan biridir». |
21. | Moavlı Rut dedi: «Bir də o mənə dedi ki, mənim biçinim qurtarana qədər işçilərimlə birgə işlə». |
22. | Naomi gəlininə dedi: «Qızım, onun qulluqçu qızları ilə işləməyin çox yaxşıdır, yoxsa başqa zəmilərdə səni incidərlər». |
23. | Beləliklə, Rut arpa və buğda biçinləri qurtarana qədər Boazın qulluqçu qızlarının yanında başaq yığdı və qayınanası ilə birgə yaşadı. |
← Ruth (2/4) → |