← Romans (9/16) → |
1. | Məsihdə həqiqəti söyləyirəm, yalan danışmıram, vicdanım dediklərimi Müqəddəs Ruhda təsdiq edir ki, |
2. | ürəyimdə böyük bir kədər, daimi bir iztirab var. |
3. | Çünki qardaşlarımın, yəni cismani soydaşlarımın xatirinə mən özüm Məsihdən uzaqlaşıb lənət qazanmağımı istərdim; |
4. | bu, İsraillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəd ibadəti və vədlər onlara məxsusdur. |
5. | Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin. |
6. | Lakin bu o demək deyil ki, Allahın kəlamı boşa çıxıb. Çünki İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil. |
7. | İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil. Amma «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilib. |
8. | Bu o deməkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır. |
9. | Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq». |
10. | Yalnız bu yox, Rivqa da bir kişidən, yəni babamız İshaqdan hamilə oldu. |
11. | Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun. |
12. | Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun. |
13. | Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim». |
14. | Bəs indi nə deyə bilərik? Məgər Allah ədalətsizlik edir? Əsla! |
15. | Çünki O, Musaya deyir: «Kimə istəsəm, mərhəmət edərəm, kimə istəsəm, rəhm edərəm». |
16. | Beləliklə, seçim insanın istəyindən yaxud səyindən deyil, yalnız mərhəmət edən Allahdan asılıdır. |
17. | Ona görə də Müqəddəs Yazıda Allah firona deyir: «Səni buna görə ucaltdım ki, Öz gücümü sənin üzərində göstərim və adım bütün dünyaya elan edilsin». |
18. | Deməli, Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir. |
19. | İndi sən mənə deyə bilərsən: «Bəs Allah daha nə üçün bizi təqsirkar çıxarır? Məgər kimsə Onun iradəsinin əleyhinə gedə bilər?» |
20. | Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər? |
21. | Məgər dulusçunun işlətdiyi gilə ixtiyarı çatmır ki, həmin gildən bir qabı şərəfli iş üçün, o biri qabı isə şərəfsiz iş üçün düzəltsin? |
22. | Əgər Allah qəzəbini göstərmək və qüdrətini bildirmək istəyərək qəzəbinə gəlib məhv olmağa hazırlanmış qablara böyük səbirlə dözdüsə, biz nə deyə bilərik? |
23. | Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin? |
24. | O qablar bizik ki, Allah yalnız Yəhudilər arasından deyil, həm də başqa millətlər arasından çağırdı. |
25. | Necə ki Huşənin kitabında deyilir: «“Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm, “Sevdiyim deyil” dediyimə “Sevdiyimsən” deyəcəyəm». |
26. | «Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək». |
27. | Yeşaya da İsrail barədə belə nida edir: «İsrail övladlarının sayı dəniz qumu qədər çox olsa belə, Ancaq sağ qalanları xilas olacaq. |
28. | Çünki Rəbb yer üzündə hökmünü Tam və tez yerinə yetirəcək». |
29. | Yeşayanın qabaqcadan söylədiyi kimi: «Əgər Ordular Rəbbi Bizim xalqdan bir neçə Sağ qalan adam qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik». |
30. | Bəs nə deyə bilərik? Salehliyin ardınca getməyən başqa millətlər salehliyi, yəni imanla gələn salehliyi əldə etdilər. |
31. | Amma salehlik göstərən Qanunun ardınca gedən İsrail xalqı bu Qanuna çata bilmədi. |
32. | Nə üçün? Çünki imanla yox, əməllərlə gedirdilər. Beləcə büdrəmə daşına ilişdilər. |
33. | Necə ki yazılıb: «Budur, Sionda bir büdrəmə daşı və yıxma qayası qoyuram. Ona iman edən kəs utandırılmaz». |
← Romans (9/16) → |