← Romans (8/16) → |
1. | Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur. |
2. | Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi. |
3. | Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki, |
4. | Qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, Ruha görə həyat sürən bizlərdə yerinə yetsin. |
5. | Cismani təbiətə görə yaşayanlar cismani şeylər barədə düşünür, Ruha görə yaşayanlar isə Ruhla bağlı şeylər barədə düşünür. |
6. | Cismani təbiətə uyan fikirlər ölüm, Ruha uyan fikirlərsə həyat və sülh gətirir. |
7. | Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir; belə ki bunlar Allahın qanununa tabe deyil və ola da bilməz. |
8. | Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməz. |
9. | Lakin Allahın Ruhu sizdə yaşayırsa, siz cismani təbiətdə deyil, Ruhdasınız. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil. |
10. | Əgər Məsih sizdədirsə, bədəniniz günah səbəbindən ölü, ruhunuzsa salehlik səbəbindən diridir. |
11. | Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək. |
12. | Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq. |
13. | Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız. |
14. | Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır. |
15. | Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. |
16. | Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq. |
17. | Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq. |
18. | Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz. |
19. | Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir. |
20. | Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki, |
21. | yaradılış özü də çürüməyə əsir olmaqdan xilas olub, Allah övladlarının izzətli azadlığına qovuşacaq. |
22. | Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir. |
23. | Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik. |
24. | Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər? |
25. | Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik. |
26. | Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. |
27. | Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir. |
28. | Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. |
29. | Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun; |
30. | əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi. |
31. | Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər? |
32. | O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi? |
33. | Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır! |
34. | Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir. |
35. | Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? |
36. | Necə ki yazılıb: «Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq». |
37. | Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq. |
38. | Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, |
39. | nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq. |
← Romans (8/16) → |