← Romans (3/16) → |
1. | Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir? |
2. | Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib. |
3. | Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq? Məgər onların imansızlığı Allahın sədaqətini ləğv edə bilər? |
4. | Əsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necə ki yazılıb: «Sən Öz sözlərində haqlı çıxacaqsan, Mühakimə etdiyin zaman qalib gələcəksən». |
5. | Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı? |
6. | Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər? |
7. | «Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb Ona izzət gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam?» deyə soruşa bilərlər. |
8. | Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq. |
9. | Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə, yox! Çünki biz artıq həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır. |
10. | Necə ki yazılıb: «Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur. |
11. | Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur. |
12. | Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nəfər də olsun Yaxşı iş görən yoxdur». |
13. | «Boğazları açıq qəbirdir, Dilləri yalan danışır». «Dodaqlarında gürzə zəhəri var». |
14. | «Ağızları lənət və acı sözlərlə doludur». |
15. | «Ayaqları qan tökməyə tələsir, |
16. | Yollarında viranəlik və fəlakət var, |
17. | Əmin-amanlıq yolu nədir, bilmirlər». |
18. | «Onların gözündə Allah qorxusu yoxdur». |
19. | Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın. |
20. | Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur. |
21. | Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir. |
22. | Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur. |
23. | Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub |
24. | və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. |
25. | Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. |
26. | Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın. |
27. | Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına! |
28. | Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır. |
29. | Məgər Allah yalnız Yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə, başqa millətlərin də Allahıdır. |
30. | Çünki yalnız bir Allah var və O, sünnətliləri imanla, sünnətsizləri də iman vasitəsilə saleh sayacaq. |
31. | Onda biz iman vasitəsilə Qanunu ləğv edirikmi? Əsla! Əksinə, onu bir daha təsdiq edirik. |
← Romans (3/16) → |