| ← Romans (10/16) → |
| 1. | Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm. |
| 2. | Onların barəsində şəhadət edirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır. |
| 3. | Çünki onlar Allahdan gələn salehliyi anlamayıb öz salehliklərini bərqərar etməyə çalışmaqla Allahın salehliyinə tabe olmadılar. |
| 4. | Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın. |
| 5. | Musa Qanunla gələn salehlik haqqında belə yazır: «Bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq». |
| 6. | Amma imanla gələn salehlik barədə belə deyilir: «Ürəyində demə ki, “Kim göylərə, yəni Məsihi endirməyə çıxacaq?” |
| 7. | ya da “Kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa enəcək?”» |
| 8. | Bəs onda nə deyilir? «Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir». Biz elə həmin iman kəlamını vəz edirik: |
| 9. | əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. |
| 10. | Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur. |
| 11. | Belə ki Müqəddəs Yazıda deyilir: «Ona iman edən hər kəs utandırılmayacaq». |
| 12. | Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir. |
| 13. | Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq». |
| 14. | Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər? |
| 15. | Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: «Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!» |
| 16. | Amma Müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir: «Ya Rəbb, xəbərimizə kim inandı?» |
| 17. | Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır. |
| 18. | Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər: «Avazları bütün dünyaya yayıldı, Sözləri yerin ucqarlarına çatdı». |
| 19. | Bir də soruşuram: məgər İsrail anlamadı? Musa ilk olaraq deyir: «Mən sizi xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm». |
| 20. | Yeşaya isə cəsarətlə deyir: «Rəbb deyir: “Məni axtarmayanlar tərəfindən tapıldım, Məni soruşmayanlara Mən zühur etdim”». |
| 21. | İsrail barədə isə belə deyir: «Gün boyu itaətsiz, dikbaş xalqa əllərimi uzadıb durdum». |
| ← Romans (10/16) → |