← Revelation (2/22) → |
1. | Efesdə olan cəmiyyətin mələyinə yaz: Yeddi ulduzu sağ əlində Tutan, yeddi qızıl çıraqdanın arasında Gəzən belə deyir: |
2. | sənin əməllərindən, zəhmətindən, dözümündən və şər adamlara dözmədiyindən xəbərdaram. Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirdin və onların yalançı olduğunu müəyyən etdin. |
3. | Sən dözümlü oldun, Mənim adım naminə tab gətirdin və yorulmadın. |
4. | Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmisən. |
5. | Buna görə də haradan yıxıldığını yadına sal, tövbə et və əvvəl etdiyin işləri gör. Əks təqdirdə, tövbə etməsən, yanına gəlib çıraqdanını yerindən götürəcəyəm. |
6. | Amma yaxşı ki sən nikolaçıların əməllərinə nifrət edirsən; Mən də onlara nifrət edirəm. |
7. | Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm. |
8. | İzmirdə olan cəmiyyətin mələyinə yaz: Birinci və Sonuncu Olan, ölüb yenidən Dirilən belə deyir: |
9. | sənin əziyyətindən və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram, amma onlar Yəhudi deyil, Şeytan yığıncağıdır. |
10. | Çəkəcəyin əzabdan heç qorxma. Bax iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz on gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm. |
11. | Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələn ikinci ölümdən heç zərər görməyəcək. |
12. | Berqamada olan cəmiyyətin mələyinə yaz: İkiağızlı iti qılıncı Olan belə deyir: |
13. | gör harada, Şeytanın taxtı olan yerdə yaşadığın halda Mənim adıma bağlı qaldığından xəbərdaram. Barəmdə sədaqətlə şəhadət edən, aranızda, Şeytanın yaşadığı yerdə öldürülən Antipanın günlərində belə, Mənə olan imanından imtina etmədin. |
14. | Amma səndən bir az şikayətim var: aranızda Bilamın təliminə bağlı olanlar var. O, Balaqı öyrətdi ki, İsrail övladlarını büdrədərək bütlərə təqdim olunan qurbanların ətini yeməyə və əxlaqsızlığa azdırsın. |
15. | Eləcə də sənin içində nikolaçıların bu cür təliminə bağlı olanlar var. |
16. | Buna görə də tövbə et. Yoxsa tezliklə sənin yanına gəlib ağzımdan çıxan qılıncla onlarla döyüşəcəyəm. |
17. | Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Mən gizli saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir. |
18. | Tiatirada olan cəmiyyətin mələyinə yaz: Gözləri odlu alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah Oğlu belə deyir: |
19. | sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram; son işlərin də əvvəlkilərdən daha çoxdur. |
20. | Amma səndən şikayətim var: sən özünü peyğəmbər adlandıran qadın İzevelə imkan verirsən ki, Mənim qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın. |
21. | Mən ona möhlət verdim ki, tövbə etsin, amma əxlaqsızlığından tövbə etmək istəmir. |
22. | Bax onu xəstəlik yatağına salıram. Onunla zina edənlər birgə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düçar edəcəyəm. |
23. | Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran Mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm. |
24. | Amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul etməyənlərə və Şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm: üstünüzə başqa bir yük qoymuram; |
25. | ancaq Mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın. |
26. | Qalib gələnə və Mənim buyurduğum işlərə sonadək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm. |
27. | “Dəmir əsa ilə onlara ağalıq edəcək, Saxsı qablar kimi onları çilik-çilik edəcək”. |
28. | Bunu Atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm. |
29. | Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. |
← Revelation (2/22) → |