← Revelation (18/22) → |
1. | Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı. |
2. | O, uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı! O, cinlərin məskəni, Hər cür natəmiz ruhun sığınacağı, Hər cür murdar quşun yuvası, Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu. |
3. | Çünki bütün millətlər O qadının coşğun əxlaqsızlıq şərabından içdi. Yer üzünün padşahları Onunla əxlaqsızlıq etdi. Dünyanın tacirləri Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı». |
4. | Mən göydən belə deyən başqa bir səs də eşitdim: «Ey Mənim xalqım, oradan çıxın ki, Onun günahlarına şərik olmayasınız, Onun uğrayacağı bəlalara düçar olmayasınız. |
5. | Çünki onun günahları qalaqlanıb göyə çatdı, Allah onun haqsız işlərini yada saldı. |
6. | O nə etdisə, Siz də əvəzində ona belə edin. Əməllərinin əvəzini ona ikiqat verin. Tökdüyü kasadakı şərabın İkiqatını töküb ona verin. |
7. | Özünü nə qədər izzətləndirib Şəhvətpərəstlik içində yaşadısa, Ona o qədər də işgəncə və yas verin. Çünki ürəyində deyir: “Mən mələkə taxtında oturmuşam, Dul deyiləm, əsla yas tutmayacağam”. |
8. | Buna görə də bir günün içində Onun üstünə bəlalar gələcək, Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq. Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir». |
9. | Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər. |
10. | Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər: «Vay, vay halına, böyük şəhər, Möhkəm şəhər Babil! Çünki bir saat içində cəzan çatdı». |
11. | Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını – |
12. | qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı; |
13. | darçın, hil, buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır. |
14. | Onlar deyirlər: «Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı, Bütün cah-calallı malların yox oldu. Heç kəs onları bir daha tapmayacaq». |
15. | Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər: |
16. | «Vay, vay halına, İncə kətan, tünd qırmızı, al rəngli Parçalardan paltar geyən, Qızıl, qiymətli daşlar və mirvarilərlə Bəzənən böyük şəhər! |
17. | Çünki bu qədər var-dövlət Bir saat içində viran oldu». Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq |
18. | onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?» |
19. | Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər: «Vay, vay halına, Dənizdə gəmisi olanların hamısının Oranın çox qiymətli malları ilə Varlandığı böyük şəhər! Çünki bir saat içində viran oldun». |
20. | Ey göylər, Müqəddəslər, həvarilər və peyğəmbərlər, Onun halını bayram edin! Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gətirdi. |
21. | Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi: «Böyük şəhər Babil də Belə zorakılıqla yıxılacaq, Bir daha görünməyəcək. |
22. | Çəng çalanların, müğənnilərin, Tütək və şeypur çalanların səsi Artıq səndən gəlməyəcək. Hər cür sənətlə məşğul olan sənətkar Artıq səndə olmayacaq. Dəyirman səsi də Artıq səndən gəlməyəcək. |
23. | Çıraq işığı Artıq səndə görünməyəcək. Bəy-gəlin sədası Artıq səndən gəlməyəcək. Çünki sənin tacirlərin Yer üzünün böyük adamları idi, Bütün millətlər Sənin sehrbazlığınla aldanmışdı. |
24. | Peyğəmbərlərin, müqəddəslərin və Yer üzündə kəsilənlərin hamısının qanı O şəhərdə üzə çıxdı». |
← Revelation (18/22) → |