← Revelation (15/22) → |
1. | Mən göydə başqa bir böyük və heyrətli əlamət – yeddi bəlanı gətirən yeddi mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı. |
2. | Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər əllərində Allahın verdiyi çənglərlə şüşə dənizin üstündə durub. |
3. | Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir: «Ey Külli-İxtiyar Rəbb Allah, Sənin işlərin böyük və heyrətlidir. Ey millətlərin Padşahı, Sənin yolların ədalətli və həqiqidir. |
4. | Ya Rəbb, kim Səndən qorxmaz, Kim Sənin adını izzətləndirməz? Çünki yalnız Sən müqəddəssən. Bütün millətlər gəlib Sənin önündə səcdə edəcək, Çünki Sənin ədalətli hökmlərin aşkar oldu». |
5. | Bundan sonra gördüm ki, göydəki məbəd, yəni Şəhadət çadırı açıldı |
6. | və yeddi bəlanı gətirən yeddi mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdı. |
7. | Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi. |
8. | Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi. |
← Revelation (15/22) → |