← Revelation (12/22) → |
1. | Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında on iki ulduzlu tac olan bir qadın göründü. |
2. | O hamilə idi və doğmaq üzrə idi, ağrı və iztirab çəkərək qışqırırdı. |
3. | Göydə başqa bir əlamət zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündə də yeddi kiçik tac olan böyük və od rəngində əjdaha göründü. |
4. | Onun quyruğu göy ulduzlarının üçdə birini süpürüb yer üzünə atdı. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını udsun. |
5. | Qadın bir oğlan uşağı doğdu ki, «dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək». Bu uşaq Allahın və Onun taxtının yanına qapılıb götürüldü. |
6. | Qadınsa çölə qaçdı. Orada onun min iki yüz altmış gün bəslənməsi üçün Allah tərəfindən hazırlanmış yeri var. |
7. | Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü, |
8. | amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı. |
9. | O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı. |
10. | Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündə Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı. |
11. | Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər. Hətta ölümlə üzbəüz olanda da Öz canlarını sevmədilər. |
12. | Buna görə də, ey göylər və Orada məskən salanlar, bayram edin! Qurunun və dənizinsə vay halına! Çünki iblis böyük hiddətlə yanınıza endi, Bilir ki, onun az vaxtı qalıb». |
13. | Əjdaha yer üzünə atıldığını görəndə oğlan uşağı doğan qadının ardınca düşdü. |
14. | Amma qadına böyük qartalın iki qanadı verildi ki, çölə – öz yerinə uçsun və orada, ilandan kənarda bir vaxt, vaxtlar və yarım vaxt ərzində bəslənsin. |
15. | İlan qadının ardınca ağzından sel kimi su püskürdü ki, sel onu aparsın. |
16. | Lakin quru qadına kömək etdi: quru ağzını açdı və əjdahanın ağzından püskürdüyü seli içib qurtardı. |
17. | Onda əjdaha qadına qəzəbləndi, onun nəslindən Allahın əmrlərinə riayət edən və İsa barədə şəhadət edən başqaları ilə döyüşmək üçün getdi və dəniz sahilinin qumları üzərində dayandı. |
← Revelation (12/22) → |