← Proverbs (9/31) → |
1. | Hikmət evini qurub, Yeddi dirəyini yonub, |
2. | Heyvanlarını kəsib, Şərabını hazırlayıb, Süfrəsini də düzəldib. |
3. | Göndərdiyi kənizlər Şəhərin uca yerlərindən car çəkərlər: |
4. | «Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər: |
5. | «Gəlin, çörəyimdən yeyin, Hazırladığım şərabdan için. |
6. | Cəhaləti atın, ömür sürün, İdrak yolu ilə düz gedin». |
7. | Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar, Şər adamı danlayan axırda ləkələnər. |
8. | Rişxəndçini danlama, yoxsa sənə nifrət edər, Müdrik insanı danlasan, səni sevər. |
9. | Hikmətliyə öyüd versən, hikmətini artıracaq, Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq. |
10. | Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır. |
11. | Hikmətin vasitəsilə ömrün-günün çoxalar, Həyatına illər əlavə olar. |
12. | Əgər hikmət qazansan, özünə xeyir verərsən, Əgər rişxənd etsən, zərərini özün çəkərsən. |
13. | Axmaq qadın hay-küy salır, Cahildir, heç nə qanmır. |
14. | O, evinin qapısı önündə oturub, Şəhərin uca yerlərində kətil üstə əyləşib, |
15. | Yoldan ötənləri, Düz yolda olanları çağırır: |
16. | «Bura gəlin, ey cahillər!» Qanmazlara belə deyir: |
17. | «Oğurluq su şirin olar, Gizli yeyilən çörəyin başqa ləzzəti var». |
18. | Lakin yanına gələnlər bilməzlər ki, Orada ölüm var, Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir. |
← Proverbs (9/31) → |