← Proverbs (31/31) |
1. | Lemuel padşahın sözləri, anasının ona öyrətdiyi kəlam. |
2. | Nə deyim, oğlum, ey doğduğum oğul, Nəzir-niyazla əldə etdiyim oğul? |
3. | Gücünü qadınlara, Yollarını padşahları məhvə aparanlara sərf etmə. |
4. | Ey Lemuel, şərab içmək padşahlara yaraşmaz, Kefləndirici içkiyə aludə olmaq hökmdarlara yaraşmaz. |
5. | İçəndə qayda-qanunu unudarlar, Bütün məzlumların haqqını pozarlar. |
6. | Kefləndirici içkini düşkünə, Şərabı dərdliyə verin. |
7. | Qoy içib yoxsulluğunu unutsun, Öz dərdini daha yada salmasın. |
8. | Dilsizə görə ağız aç, Bütün möhtacların haqqını qoru. |
9. | Ağzını aç, ədalətlə hökm ver, Məzlumların, fəqirlərin haqqını yerinə yetir. |
10. | Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir. |
11. | Ərinin qəlbi ondan arxayındır, Dayanmadan bərəkət qazanır. |
12. | Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir, |
13. | Yunu, kətanı tapıb seçir, Əlindən hər iş zövqlə gəlir. |
14. | Ticarət gəmilərinə bənzəyir, Uzaqlardan gələn ruzini gətirir. |
15. | Alaqaranlıqda yuxudan durur, Ailəsinə yemək hazırlayır, Kənizlərinə də paylayır. |
16. | Tarlaya baxandan sonra satın alır, Əlinin zəhməti ilə bağ salır. |
17. | Belini möhkəm bağlayır, Qolları güc üstündən güc alır. |
18. | Ticarətin şirinliyindən dadır, Bütün gecə boyu çırağı yanır. |
19. | Əlləri ilə cəhrə əyirir, İyini bərkidir. |
20. | Məzlumlar üçün əliaçıqdır, Fəqirlərə əl tutur. |
21. | Qar yağanda ailəsi üçün qayğısı olmaz, Çünki hamısı qırmızı paltar geyinib. |
22. | Yorğan-döşək üçün örtük toxuyur, Öz libası tünd qırmızı incə kətandandır. |
23. | Əri şəhər darvazalarında yaxşı tanınır, El ağsaqqalları ilə oturub-durur. |
24. | Qadın tacirlərə qurşaqları, Toxuduğu kətan paltarları satır. |
25. | Qüvvəyə, şərəfə bürünür, Gələcək üzünə gülür. |
26. | Ağzını açanda hikmət axır, Dilindən sədaqət təlimi çıxır. |
27. | Ailəsinin işini idarə edir, Tənbələ layiq olan çörəyi yemir. |
28. | Övladları ayağa qalxıb onu alqışlayır, Əri onu tərifləyir: |
29. | «Xeyirxah qadınlar çoxdur, Amma sənin tayın yoxdur». |
30. | Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, Yalnız Rəbdən qorxan qadın tərifə layiqdir. |
31. | Ona əlinin bəhrəsini verin, Qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin. |
← Proverbs (31/31) |