← Proverbs (29/31) → |
1. | Məzəmmətlərə baxmayıb dikbaşlıq edən Birdən yıxılıb çarəsiz qalar. |
2. | Salehlər artanda xalq sevinər, Pis hökmdar olanda xalq nalə çəkər. |
3. | Hikmət sevən atasını sevindirər, Fahişələrə aşna olanın əlindən var-yoxu gedər. |
4. | Padşah ölkəni ədalətlə möhkəmləndirər, Ağır vergilər qoyansa ölkəni süqut etdirər. |
5. | Bir kişi ki qonşusunu yağlı dilə tutur, Onun addımları üçün tor qurur. |
6. | Pisin günahı özünə tələdir, Saleh sevincindən haray çəkir. |
7. | Saleh kasıbların haqqını görür, Pis adam bunu dərk etmir. |
8. | Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar. |
9. | Hikmətli səfehi məhkəməyə versə, Səfeh coşub lağ edər, dinclik gedər. |
10. | Qana susayanlar kamil insana nifrət edər, Əməlisalehlər can qurtarar. |
11. | Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar. |
12. | Hökmdar yalan sözə qulaq asarsa, Bütün xidmətçiləri şər insana çevrilər. |
13. | Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir: Hər ikisinin gözlərini işıqlandıran Rəbdir. |
14. | Padşah kasıblara həqiqətlə hökm versə, Taxtı əbədi möhkəmlənər. |
15. | Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər. |
16. | Pislər çoxalanda cinayət artar, Salehlər görəcək ki, onlar necə yıxılacaqlar. |
17. | Oğluna tərbiyə ver ki, canın dinc olsun, Könlün bundan ləzzət alsın. |
18. | İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır! |
19. | Qula sözlə tərbiyə vermək olmaz, Çünki başa düşsə belə, qulaq asmaz. |
20. | Düşünmədən danışana baxmısanmı? Axmağa ondan artıq ümid var. |
21. | Kim ərköyün qul böyütsə, Axırda bu ona dərd verər. |
22. | Qəzəbli insan dava yaradar, Kəmhövsələ günahı artırar. |
23. | İnsanı təkəbbürü alçaldar, İtaətkar şərəfə çatar. |
24. | Oğruya qoşulan öz-özünə düşməndir, And içsə də, məhkəmədə həqiqəti söyləməz. |
25. | İnsandan qorxan özünü tələyə salar, Amma Rəbbə güvənən arxayın yaşar. |
26. | Çoxu hökmdarın hüzurunu arzular, Amma insan ədaləti Rəbdə tapar. |
27. | Salehlər haqsızlardan, Pis insanlarsa əməlisalehlərdən ikrah edər. |
← Proverbs (29/31) → |