← Proverbs (28/31) → |
1. | Şər insan onu qovan yox ikən qaçar, Saleh aslan kimi mərd dayanar. |
2. | Ölkədə üsyan olanda rəhbərlər artar, Dərrakəli, işbilən adam olsa, ölkəni uzun müddət qoruyar. |
3. | Bir yoxsul kişi kasıbları incidərsə, Bu, əkini yuyub aparan, qıtlıq yaradan güclü yağışa bənzər. |
4. | Qanunu pozanlar pisi təriflər, Qanuna əməl edənlər onlara qarşı çıxar. |
5. | Pis insanlar nə bilir ki, ədalət nədir, Rəbbi axtaranlar bunu dərk edir. |
6. | Kamalla yaşayan yoxsul insan Əyri yolla sərvət qazanandan yaxşıdır. |
7. | Qanan oğul qanunu yerinə yetirər, Qarınquluya qoşulan atasına xəcalət çəkdirər. |
8. | Kim ki müamilə ilə, sələmlə var-dövlət yığar, Onun varı axırda kasıblara səxavət göstərənə qalar. |
9. | Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır, Onun duaları iyrəncdir. |
10. | Kim ki əməlisalehləri əyri yola çəkər, Öz qazdığı quyuya düşər, Kamillərə yaxşı şeylər irs qalar. |
11. | Zəngin özünü hikmətli sanar, Amma müdrik kasıb onun qəlbini oxuyar. |
12. | Salehlərin zəfəri hamıya şərəf gətirər, Amma pislər hakim olsa, hamı gizlənər. |
13. | Günahlarını ört-basdır edən uğur qazanmaz, Onu etiraf edərək tərk edən mərhəmət tapar. |
14. | Həmişə Rəbdən qorxan bəxtiyardır, Ürəyi inadkar bəlaya düşər. |
15. | Kasıb xalqın üzərində olan pis hökmdar Nərildəyən aslan, hücum edən ayıya oxşar. |
16. | Dərrakəsiz hökmdar qəddar, zülmkar olar, Haram qazanca nifrət edənin ömrü uzanar. |
17. | Qantökən qorxub məzara düşənədək qaçar. Qoy heç kim ona kömək etməsin. |
18. | Kamillik yolu ilə gedən qurtular, Əyri yolda olanlar qəflətən yıxılar. |
19. | Torpağını əkib-becərən doyunca çörək yeyər, Boş şeylərin ardınca gedən müflisləşər. |
20. | Etibarlı insanın bərəkəti boldur, Tez varlanmaq istəyən cəzasız qalmır. |
21. | Tərəfkeşlik yaxşı deyil, Kişi bir loğma çörək üçün günah işlədə bilər. |
22. | Xəsis var-dövlət ardınca düşər, Bilmədən yoxsulluğa yetişər. |
23. | Kim ki başqasını danlayır, Yağlı dilə tutandan çox axırda o, lütf qazanır. |
24. | Ata-anasını soyub «günah deyildir» deyən Qırıcı insana yoldaşdır. |
25. | Tamahkar dava yaradar, Rəbbə güvənən bolluğa çatar. |
26. | Öz ağlına güvənən axmaqdır, Hikmətlə gəzib-dolaşan azad olur. |
27. | Yoxsula əl tutan möhtac qalmır, Ona məhəl qoymayan lənət qazanır. |
28. | Pislər hakim olsa, hamı gizlənər, Onlar yox olanda salehlər çoxalar. |
← Proverbs (28/31) → |