| ← Proverbs (27/31) → |
| 1. | Sabahkı gününlə öyünmə, Günün nə doğacağını bilməzsən. |
| 2. | Qoy səni özün yox, başqaları tərifləsin, Sənə tərifi öz dilin yox, yad söyləsin. |
| 3. | Daşın, qumun çəkisi ağırdır, Səfehin əsib-coşması bunların ikisindən də ağırdır. |
| 4. | Hiddət amansızdır, qəzəbsə aşıb-daşar, Paxıllıq daha betərdir, ona necə dözmək olar? |
| 5. | Aşkar irad gizli məhəbbətdən üstündür. |
| 6. | Dostun vurduğu yara onun sədaqətinə görədir, Amma düşmən öpdükcə öpər. |
| 7. | Toxun könlü şanı balını belə, rədd edər, Lakin ac olana acı şeylər belə, şirin gələr. |
| 8. | Yurdundan ayrı düşən insan Bir quş kimi yuvasından ayrı düşür. |
| 9. | Gözəl ətir və buxurun ürəyə verdiyi ləzzət kimi Dostun nəsihəti də insana xoş gələr. |
| 10. | Həm öz dostunu, həm də atanın dostunu tərk etmə, Dara düşəndə qardaşının evinə getmə. Yaxın qonşu uzaq qohumdan yaxşıdır. |
| 11. | Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, Onda məni utandırana cavab verə bilərəm. |
| 12. | Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar. |
| 13. | Özgəyə zamin duranın libasını al, Onu qərib qadın üçün girov saxla. |
| 14. | Kim ki qonşusunu sübh erkən ucadan salamlar, O zaman salamı söyüş sayılar. |
| 15. | Davakar qadın yağışda daman damcıya oxşar. |
| 16. | Onu yel kimi dayandırmaq olmaz, Zeytun yağı kimi ovucda saxlamaq olmaz. |
| 17. | Dəmir dəmiri itilər, İnsan insanın ağlını iti edər. |
| 18. | Əncir becərən barını yeyər, Ağasının qayğısına qalan şərəfləndirilər. |
| 19. | Sifətin əksi suyun üzünə düşdüyü kimi İnsanın ürəyi də onu elə göstərər. |
| 20. | Ölüm və Həlak yeri doymadığı kimi İnsanın da gözü doymaz. |
| 21. | İsti kürədə qızıl-gümüş yoxlanar, İnsan da başqalarının tərifi ilə tanınar. |
| 22. | Buğdanı həvəngdəstədə döysən, kəpəyi çıxar, Amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz. |
| 23. | Sürünə yaxşı bax, naxırına nəzər yetir, |
| 24. | Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir. |
| 25. | Saman yığılandan sonra təzə ot bitəndə, Dağlarda ot biçiləndə |
| 26. | Quzuların səni geyindirər, Təkələrini satıb tarla ala bilərsən. |
| 27. | Keçilər sənə yemək üçün o qədər süd verər ki, Bu, evin azuqəsinə, kənizlərinin dolanışığına çatar. |
| ← Proverbs (27/31) → |