← Proverbs (25/31) → |
1. | Bunlar da Süleymanın məsəlləridir. Yəhuda padşahı Xizqiyanın adamları bir yerə yığılıb bunların üzünü köçürtdü. |
2. | Allahın işlərinin müəmması Onu şərəfləndirər, Bu işləri aşkar etmək padşahlara şərəf gətirər. |
3. | Göyün yüksəkliyini, yerin dərinliyini, Padşahın da qəlbindən keçənləri bilmək olmaz. |
4. | Tullantını gümüşdən ayırsan, Zərgərə əl işi qalar. |
5. | Əgər şər adam padşahın yanından ayrılarsa, Taxtı salehliklə möhkəmlənər. |
6. | Padşahın hüzurunda özünü ucaltma, Rütbəlilərin yanında dayanma. |
7. | Çünki «buyur yuxarı» dəvətini almaq Bir əsilzadə qarşısında aşağı endirilməkdən yaxşıdır. |
8. | Gördüyün şeylər barədə Dava yaratmağa tələsmə. Sonra qonşun səni utandırsa, nə edərsən? |
9. | Münaqişəni qonşunla özün həll et, Özgənin sirrini açma. |
10. | Yoxsa hər eşidən sənə xor baxar, Bu səni etibardan salar. |
11. | Yerində deyilən sözlər, Gümüş oymalar içində qızıl almalara bənzər. |
12. | Sözəbaxan insana hikmətlinin məzəmməti Qızıl sırğa, qızıl bəzək kimidir. |
13. | Biçin zamanı qar kimi sərinlik necədirsə, Etibarlı elçi də onu göndərən üçün belədir. O, ağasının ruhunu təzələyir. |
14. | Kim ki vermədiyi bəxşişlərlə öyünür, Yağışsız buluda və küləyə bənzəyir. |
15. | Səbirlə hökmdarı da inandırmaq olar, Şirin dil sümükləri belə, yumşaldar. |
16. | Bal tapsan, lazımi qədər ye, Acgözlüklə yesən, qusarsan. |
17. | Qonşunun evinə az-az get, Yoxsa bezər, sənə nifrət edər. |
18. | Kim ki qonşusuna qarşı yalandan şahidlik edir, Toppuza, qılınca, iti oxa bənzəyir. |
19. | Dar gündə namərdə bel bağlamaq Çürük dişə, şikəst ayağa güvənməyə bənzəyir. |
20. | Qəlbi qubarlıya nəğmə söyləmək Soyuq havada lüt qoyulmağa, Soda üstə sirkə tökülməyə bənzəyir. |
21. | Düşmənin acdırsa, onu yedizdir, Susuzdursa, ona su ver. |
22. | Belə etməklə sanki onun başına köz tökərsən, Bunun əvəzini Rəbdən alarsan. |
23. | Şimal küləyi yağış gətirir, Qeybətçi dil isə insanın üzünə qəzəb gətirir. |
24. | Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır. |
25. | Susuzluqdan yanana sərin su necədirsə, Uzaq diyardan gələn xoş xəbər də elədir. |
26. | Əgər saleh insan pis adama təslim olarsa, Bulanan bulağa, murdarlanan quyuya bənzəyir. |
27. | Qədərindən çox bal yemək xeyirli olmadığı kimi Tərifə uymaq da yaxşı deyil. |
28. | Nəfsini saxlaya bilməyən Dağılmış, hasarsız şəhərə bənzəyir. |
← Proverbs (25/31) → |