← Proverbs (24/31) → |
1. | Pis adamlara qibtə etmə, Onlara qoşulmaq istəmə. |
2. | Çünki ürəklərində zalımlığı fikirləşər, Dilləri qəddarlıqdan danışar. |
3. | Ev hikmətlə tikilər, Dərrakə ilə möhkəmlənər. |
4. | Mənzillər bilik vasitəsilə, Hər cür dəyərli, yaxşı şeylərlə dolar. |
5. | Hikmətli kişi qüvvətli olar, Bilikli adam öz gücünü artırar. |
6. | Düzgün məsləhətlə müharibə edə bilərsən, Doğru nəsihət verən çoxdursa, qələbəyə çatarsan. |
7. | Səfeh üçün hikmət əlçatmazdır, Darvazada susub ağzını açmır. |
8. | Şər quran fitnəkar adlanar, |
9. | Səfehin pis əməlləri günah sayılar, Rişxəndçilər insanlarda ikrah yaradar. |
10. | Dar gündə taqətdən düşsən, Necə də zəif adamsan! |
11. | Ölümə aparılanları qurtar, Qırğın təhlükəsi altında olanları geri çək. |
12. | Desən ki, bax bundan xəbərim yox idi, Ürəkləri yoxlayan bunu görməzmi? Canını qoruyan bunu bilməzmi? İnsan əməlinə görə Ondan əvəz almazmı? |
13. | Oğlum, bal ye, xeyri var, Şanı balının şirin dadı damağında qalar. |
14. | Bil ki, hikmət də canın üçün belə olar, Onu tapsan, nəticəsi də var, Ümidin boşa çıxmaz. |
15. | Ey şər insan, salehin yurdu üçün pusqu qurma, Onun evini soyma. |
16. | Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, Şər insan büdrəsə, bəlaya düçar olar. |
17. | Düşməninin yıxılmasına sevinmə, Onun büdrəməsinə görə ürəyin fərəhlənməsin. |
18. | Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, Düşmənin üzərindən qəzəbini götürər. |
19. | Pislik edənlərə görə qəzəblənmə, Şər insanlara qibtə etmə, |
20. | Çünki pis insanın axırı yoxdur, Şər adamın çırağı sönər. |
21. | Oğlum, Rəbdən və padşahdan qorx, Xəyanətkarlarla yoldaş olmaqdan çəkin. |
22. | Onların bəlası qəfildən gəlir. Hər ikisinin verəcəyi cəzanı kim bilir? |
23. | Bu sözləri də hikmətlilər deyib: Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil. |
24. | Pis insana «sən salehsən» deyəni xalqlar qınayar, Ümmətlər lənət yağdırar. |
25. | Amma onu danlayanlar xeyir tapar, Başlarından bol bərəkət yağar. |
26. | İnsana doğru cavab verən Sanki onun üzündən öpər. |
27. | Əvvəlcə çöldəki işini qurtar, Zəmi sal, sonra evini tik. |
28. | Qonşunun əleyhinə haqsız şahidlik etmə, Qoy dilindən yalan söz çıxmasın. |
29. | Demə: «Mənə etdiyini mən də ona edəcəyəm, Onun əməlinin əvəzini verəcəyəm». |
30. | Tənbəlin zəmisindən, Qanmazın üzümlüyündən keçdim. |
31. | Gördüm hər yanı tikan basıb, Gicitkən bürüyüb, daşı-divarı uçub. |
32. | Baxaraq ona diqqət yetirdim, Bundan ibrət götürdüm: |
33. | Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan, |
34. | Yoxsulluq üstünə soyğunçu kimi, Ehtiyac üstünə quldur kimi hücum çəkər. |
← Proverbs (24/31) → |