← Proverbs (20/31) → |
1. | Şərab insanları ələ salar, Kefləndirici içki onları dalaşdırar, Sərxoş olan müdrik olmaz. |
2. | Padşahın vahiməsi aslan nərəsinə bənzər, Onu əsəbləşdirən canını itirər. |
3. | Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər. |
4. | Mövsümündə kotan sürməyən tənbəl əkinçi Biçin vaxtı heç nə tapmaz. |
5. | Ürəyin düşüncələri dərin sulara oxşar, Dərrakəli adam onu çəkib çıxarar. |
6. | İnsanların çoxu sədaqətindən dəm vurar. Amma sadiq adamı haradan tapmaq olar? |
7. | Saleh kamalı ilə yaşar, Özündən sonra gələn nəsli bəxtiyar olar. |
8. | Nə zaman ki padşah hökm üçün taxta çıxar, Gözləri ilə bütün pisliyi sovurar. |
9. | Kim deyər ki, qəlbimi təmizləmişəm, Günahımı silmişəm? |
10. | Aldadıcı ölçü, aldadıcı çəki – Hər ikisi Rəbdə ikrah yaradar. |
11. | Hətta uşaq da əməlləri ilə, İşlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar. |
12. | Eşidən qulaq, görən gözlər – Bunların hər ikisini yaradan Rəbdir. |
13. | Sevmə yatmağı, yoxsullaşarsan, Ayıq ol, onda bol çörəyə çatarsan. |
14. | Müştəri deyər: «Pisdir, pis maldır», Amma alıb gedəndə özünü öyər. |
15. | Qızıl və çox yaqut var, Amma ağıllı söz danışan dil qiymətli cəvahirdir. |
16. | Özgəyə zamin duranın libasını al, Onu qəriblər üçün girov saxla. |
17. | Kələklə əldə edilən çörək əvvəlcə şirin olar, Axırda ağzı çınqılla doldurar. |
18. | Nəsihət alaraq möhkəm qərar çıxar, Müharibəni sağlam məsləhətlə apar. |
19. | Sözgəzdirən sirləri açıb yayar, Gərək boşboğaza qoşulmayasan. |
20. | Kim ki atasına, anasına qarğış edər, Zülmətə düşərkən çırağı sönər. |
21. | Tələsik alınan mülk Axırda xeyir gətirməz. |
22. | Demə «bu pisliyin əvəzini çıxacağam» Rəbbi gözlə, qoy O səni xilas etsin. |
23. | Fərqli çəki daşları Rəbdə ikrah yaradar, O, aldadıcı tərəzidən xoşlanmaz. |
24. | Kişiyə addım atdıran Rəbdir. Bəs tutduğu yolu insan necə anlasın? |
25. | Düşünmədən nəzir edən özünü tələyə salar, Sonra öz əhdi barədə çox fikirləşməli olar. |
26. | Hikmətli padşah pisləri sovurar, Onlar dəyirman daşında üyüdülər. |
27. | İnsanın ruhu Rəbbin çırağıdır, Daxilinin dərin yerlərini araşdırar. |
28. | Padşahı məhəbbət və sədaqət qoruyar, Taxtını xeyirxahlıq möhkəm saxlar. |
29. | Gəncləri qüvvəti şərəfləndirər, Ağ saçlar qocalara zinət verər. |
30. | Yaralayıcı zərbələr pis insanı düzəldə bilər, Kötəkləmək daxilin dərin yerlərinə təsir edə bilər. |
← Proverbs (20/31) → |