← Proverbs (18/31) → |
1. | Tənhalığı sevən niyyətinin ardınca düşür, Sağlam şüura zidd gedir. |
2. | Axmaq dərrakəni deyil, Fikrini ortaya tökməyi sevir. |
3. | Şər insanla hörmətsizlik, Şərəfsizliklə rüsvayçılıq gələr. |
4. | Dilin sözlərindən dərin sular yaranar, Hikmət qaynağından çay axar. |
5. | Məhkəmədə salehi haqsız çıxarmaq üçün Pis adama tərəfkeşlik etmək yaxşı deyil. |
6. | Axmağın dili münaqişəyə girişər, Ağzı özünü döydürər. |
7. | Axmağın ağzı onu bəlaya salar, Dili canına tələ qurar. |
8. | Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər. |
9. | Ləng işləyən dağıdıcıya yoldaşdır. |
10. | Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır. |
11. | Varlı üçün sərvəti ona qala şəhəridir, Öz gümanında özü üçün pənah hasarı tikir. |
12. | Ürəyin təkəbbürü əcəldən əvvəl gələr, İtaətkarlıq şərəfdən əvvəl gələr. |
13. | Eşitməzdən qabaq cavab vermək Səfehlik və rüsvayçılıqdır. |
14. | Xəstənin ürəyi bütün ağrıları çəkər. Amma ürəyi sınıqdırsa, buna necə dözər? |
15. | Dərrakəli ürək bilik qazanar, Hikmətlinin qulağı bilik axtarar. |
16. | İnsanın hədiyyəsi ona yol açar, Böyük adamların hüzuruna aparar. |
17. | İddiasını əvvəl deyən haqlı görünər, Amma əleyhdarı gəlib onu istintaq edər. |
18. | Püşk atmaq davaları yatırar, Savaşanları bir-birindən ayırar. |
19. | İncik qardaşın könlünü almaq qalalı şəhəri almaqdan daha çətindir, Belə davalar qapısı cəftəli qala kimidir. |
20. | İnsanın qarnı ağzının bəhəri ilə, Dilinin səmərəsi ilə doyar. |
21. | Ölüm və həyat dilin əlindədir, Onu sevənlər barından yeyir. |
22. | Arvad alan uğur qazanar, Rəbbin razılığını alar. |
23. | Yoxsul rəhm istəyər, Zəngin isə sərt cavab verər. |
24. | Dost çoxaldan öz-özünü yıxar, Amma qardaşdan daha yaxın dost da var. |
← Proverbs (18/31) → |