← Proverbs (11/31) → |
1. | Aldadıcı tərəzi Rəbdə ikrah yaradar, Rəbb düz çəki daşından razı qalar. |
2. | Lovğalıq gələndə şərəfsizlik gətirər, Hikmət itaətkarın yanına gələr. |
3. | Əməlisalehi kamillik yolu aparar, Xəyanətkar əyriliyindən məhv olar. |
4. | Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, Amma salehlik insanı ölümdən qurtarar. |
5. | Kamil insanın yolunu salehliyi düz edər, Şər adamı pisliyi yıxar. |
6. | Əməlisalehi salehliyi qurtarar, Xaini acgözlüyü tələyə salar. |
7. | Şər insan ölər, ümidi də boşa çıxar, Pislərin arzusu itib-batar. |
8. | Saleh dardan qurtular, Onun yerinə pis insan dara düşər. |
9. | Allahsızın dili qonşusunu məhv edər, Bilik salehi xilas edər. |
10. | Salehlər xeyrə çatanda bütün şəhər şad olar, Şər adamlar öləndə sevinc harayı qalxar. |
11. | Əməlisalehlərin alqışı şəhəri şərəfə çatdırar, Lakin şərin qarğışı oranı viran qoyar. |
12. | Qanmaz qonşusuna xor baxar, Dərrakəli insan dinc dayanar. |
13. | Sözgəzdirən sirləri açıb yayar, Etibarlı adam sözü gizli saxlar. |
14. | Düz məsləhət verilməyən yerdə xalq yıxılar, Doğru nəsihət verən çoxdursa, xalq qurtuluşa çatar. |
15. | Özgəyə zamin duran özünü bəlaya salar, Belə zaminlikdən zəhləsi gedən dinc yaşar. |
16. | Mehriban qadın şərəfdən, Zalım insan isə sərvətdən yapışar. |
17. | İnsanın sadiqliyi ona xeyir gətirər, Qəddar adam özünə əzab verər. |
18. | Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar. |
19. | Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar. |
20. | Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar, O, yolu kamil olanlardan razı qalar. |
21. | Doğrudan da, pis cəzasız qalmaz, Salehlərin nəsli xilas olar. |
22. | Bir gözəl qadının xoş rəftarı olmazsa, Burnuna qızıl halqa taxılmış donuza bənzər. |
23. | Salehlər yalnız yaxşılıq arzular, Şər adama qəzəb nəsib olar. |
24. | Əliaçıq adamın bərəkəti artar, Başqasının qazancını yeyən ehtiyaca düşər. |
25. | Comərd bolluğa yetişər, Su verənə su verilər. |
26. | Taxılı anbarda gizlədənə camaat lənət oxuyar, Onu satanın başına bərəkət yağar. |
27. | Səylə yaxşılığın ardınca gedən lütf axtarar, Şər ardınca düşən isə başını bəlaya salar. |
28. | Sərvətinə güvənənlər yıxılar, Salehlər isə yaşıl yarpaq kimi təzələnər. |
29. | Külfətini əzaba salanın nəsibi yel tək sovrular, Qəlbində hikmət olana səfeh qul olar. |
30. | Salehin barı həyat ağacıdır, Hikmətli insan canları qurtarar. |
31. | Əgər bu dünyada salehlərə belə, cəza verilirsə, Pislərə, günahkarlara gör nə qədər cəza verilər! |
← Proverbs (11/31) → |