← Proverbs (10/31) → |
1. | Süleymanın məsəlləri: Hikmətli oğul atasını sevindirər, Axmaq oğul anasına dərd gətirər. |
2. | Şər yolla yığılan xəzinədən fayda götürmək olmaz, Amma salehlik insanı ölümdən qurtarar. |
3. | Rəbb saleh insanı ac qoymaz, O, acgöz pisləri doydurmaz. |
4. | Tənbəlin əlləri onu yoxsullaşdırar, Çalışqanın əli sərvət qazanar. |
5. | Ağıllı oğul yayda məhsul yığar, Biçin vaxtı yatan oğul rüsvay olar. |
6. | Saleh insanın başından bərəkət yağar, Şər adamın dili zorakılığı gizli saxlar. |
7. | Salehlərin həyatına baxmaq xeyir-dua gətirər, Şər adamın adı batar. |
8. | Qəlbən hikmətli olan əmrləri qəbul edər, Səfeh boşboğazlığı üzündən itib-batar. |
9. | Kamalla gəzib-dolaşan dinc yaşar, Yolu əyri olanlar üzə çıxar. |
10. | Göz vuran başına bəla açar, Səfeh boşboğazlığı üzündən itib-batar. |
11. | Salehin ağzı həyat qaynağı olar, Amma şər adamın dili zorakılığı gizli saxlar. |
12. | Nifrət nifaq yaradar, Lakin məhəbbət bütün günahları örtər. |
13. | Dərrakəlinin dilindən hikmət tökülər, Qanmaz kürəyindən kötəklənər. |
14. | Hikmətli adamlar bilik toplar, Səfehin boşboğazlığı onu bəlaya yaxınlaşdırar. |
15. | Zənginin var-dövləti ona qalalı şəhərdir, Kasıbı yoxsulluq bəlaya salar. |
16. | Salehin mükafatı həyatdır, Şər adamınsa qazancı günahdır. |
17. | Tərbiyəyə bağlanan həyat yolunda olar, Məzəmməti rədd edən yolunu azar. |
18. | Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar. |
19. | Çox sözlərlə günahı azaltmaq olmaz, Dilini saxlayan ağıllıdır. |
20. | Saleh insanın dili saf gümüşə oxşar, Şər adamın qəlbinin dəyəri az olar. |
21. | Saleh öz dili ilə çox adamı doydurar, Səfeh qanmazlığı üzündən həlak olar. |
22. | Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz. |
23. | Axmaq üçün şər iş görmək bir əyləncədir, Dərrakəlininsə hikməti var. |
24. | Şər adam nədən qorxursa, başına gələr, Saleh isə muradına çatar. |
25. | Qopan tufan şəri süpürüb aparar, Salehin təməli əbədi qalar. |
26. | Dişlərə sirkə, gözlərə tüstü necə təsir edirsə, Tənbələ iş buyuran bunu elə hiss edər. |
27. | Rəbb qorxusu ömür uzadar, Şər insanların ömründən illər azalar. |
28. | Salehləri sevinc gözlər, Şər insanların ümidi boşa çıxar. |
29. | Kamilin pənahı Rəbbin yoludur. Şər iş görənin başı bəla ilə doludur. |
30. | Saleh heç vaxt sarsılmaz, Şər insanlar yer üzündə qalmaz. |
31. | Salehin ağzı hikmətlə çiçəklənər, Hiyləli dillər kəsilər. |
32. | Saleh insanın dili razı salmağı bacarar, Şər insanın ağzından hiyləli sözlər çıxar. |
← Proverbs (10/31) → |