← Philippians (3/4) → |
1. | Nəhayət, qardaşlarım, Rəbdə sevinin! Sizə eyni şeyləri yazmaq məni yormaz, amma sizi qoruyar. |
2. | Özünüzü «itlər»dən qoruyun, pis iş görənlərdən qoruyun, bədəni sünnət edərək kəsib-atanlardan qoruyun. |
3. | Çünki əsl sünnətlilər Allahın Ruhu vasitəsilə ibadət edən, Məsih İsa ilə fəxr edən və cismani şeylərə güvənməyən bizlərik. |
4. | Əslində mən cismani şeylərə də güvənə bilərdim. Əgər başqası cismani şeylərə güvənməyi düşünürsə, mən daha çox güvənə bilərəm. |
5. | Mən səkkizgünlük ikən sünnət olundum. İsrail nəslindən, Binyamin qəbiləsindən, İbranilərdən törəmiş bir İbraniyəm. Qanuna münasibətdə farisey idim. |
6. | Qeyrət çəkməyə gəlincə, Allahın cəmiyyətini təqib edirdim. Qanuna əsaslanan salehliyə gəlincə, nöqsansız idim. |
7. | Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam. |
8. | Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb |
9. | Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum. |
10. | Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki, |
11. | nə olursa-olsun, ölülər arasından dirilməyə nail olum. |
12. | Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub. |
13. | Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm |
14. | və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum. |
15. | Beləliklə, aramızda kim kamildirsə, qoy belə düşünsün. Hər hansı bir mövzuda fərqli düşüncələriniz varsa, Allah bunu da sizə açacaq. |
16. | Ancaq çatdığımız səviyyəyə uyğun həyat sürək. |
17. | Qardaşlar, hamınız birlikdə məndən nümunə götürün və sizə göstərdiyimiz nümunəyə uyğun həyat sürənlərə diqqətlə baxın. |
18. | Sizə dəfələrlə söylədiyim kimi indi də göz yaşları içində təkrar deyirəm: bir çoxları Məsihin çarmıxına düşmən olaraq həyat sürür. |
19. | Onların sonu həlakdır. Onların allahı qarınlarıdır. Öz rüsvayçılıqları ilə fəxr edir, yalnız dünyəvi şeylər barədə düşünürlər. |
20. | Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. |
21. | O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək. |
← Philippians (3/4) → |