← Philippians (2/4) → |
1. | Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli, Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa, |
2. | həmfikir olub bir-birinizə eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin. |
3. | Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın |
4. | və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün. |
5. | Məsih İsa necə düşündü, siz də elə düşünün. |
6. | Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. |
7. | Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb |
8. | Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. |
9. | Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, |
10. | göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün |
11. | və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin. |
12. | Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin. |
13. | Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz. |
14. | Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki, |
15. | nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın. |
16. | Həyat sözünü təqdim edin. Qoy Məsihin zühur edəcəyi gündə fəxr edə bilim ki, nə boş yerə cəhd etdim, nə də boş yerə zəhmət çəkdim. |
17. | Lakin sizin imanınızın qurban və xidməti üzərinə içmə təqdimi kimi töküləcəyəmsə də, sevinirəm və hamınızın sevincinə şərikəm. |
18. | Siz də məhz bunun üçün sevinin və mənim sevincimə şərik olun. |
19. | Vəziyyətinizdən xəbərdar olub ürəyim sakitləşsin deyə bu yaxınlarda Timoteyi yanınıza göndərəcəyim üçün Rəbb İsada ümidim var. |
20. | Çünki Timotey kimi mənimlə canbir olan, həqiqətən qayğınıza qalan başqa kimsəm yoxdur. |
21. | Ona görə ki hər kəs İsa Məsihin xeyrini deyil, öz xeyrini güdür. |
22. | Amma Timoteyin öz dəyərini necə sübut etdiyini, atasının yanında qulluq edən oğul kimi Müjdəni yaymaq işində mənimlə birgə qulluq etdiyini bilirsiniz. |
23. | Beləliklə, işlərimin nə yerdə olduğunu bilən kimi onu yanınıza göndərmək ümidindəyəm. |
24. | Mən də yaxında yanınıza gəlməyim barədə Rəbbə güvənirəm. |
25. | Lakin ehtiyacımın təminatına görə mənə yardım etmək üçün göndərdiyiniz nümayəndəni, qardaşım, əməkdaşım və birlikdə mübarizə apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim. |
26. | Çünki o hər birinizdən ötrü darıxır və onun xəstə olduğunu eşitdiyinizə görə çox narahat idi. |
27. | O, həqiqətən, elə xəstələnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kədərimin üstünə kədər gəlməsin deyə həm də mənə rəhmi gəldi. |
28. | Onu yanınıza göndərməyə daha çox buna görə razılıq verdim ki, onu yenidən görüb sevinəsiniz və mənim də kədərim yüngülləşsin. |
29. | Rəbdə olan bu adamı tam sevinclə qəbul edin və belələrini qiymətləndirin. |
30. | Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi etmək üçün canını təhlükəyə atdı. |
← Philippians (2/4) → |