← Numbers (32/36) → |
1. | Ruvenlilərlə Qadlıların çoxlu heyvanları var idi. Onlar Yazer ilə Gilead torpaqlarını görəndə heyvan otarmaq üçün bu yerlərin münasib olduğunu başa düşdülər. |
2. | Qadlılarla Ruvenlilər gəlib Musaya, kahin Eleazara və icmanın rəhbərlərinə dedilər: |
3. | «Atarot, Divon, Yazer, Nimra, Xeşbon, Elale, Sevam, Nevo və Beon |
4. | Rəbbin İsrail icmasına təslim etdiyi bu ölkə heyvan otarmaq üçün münasib yerdir; qullarının da heyvanları var». |
5. | Sonra əlavə etdilər: «Əgər biz sənin gözündə lütf tapmışıqsa, qoy bu torpaq mülk olaraq biz qullarına verilsin. Bizi İordandan o taya keçirməyin». |
6. | Musa cavab verdi: «İsrailli qardaşlarınız döyüşməyə gedərkən siz buradamı qalmaq niyyətindəsiniz? |
7. | Nə üçün çayı keçib Rəbbin onlara verdiyi torpağa getmək üçün İsrail övladlarını ruhdan salırsınız? |
8. | Qadeş-Barneadan o torpağı gözdən keçirməyə göndərdiyim atalarınız da belə hərəkət etdilər. |
9. | Onlar Eşkol vadisinə çatıb torpağı gördülər, lakin İsrail övladlarını ruhdan saldılar ki, Rəbbin verdiyi torpağa girməsinlər. |
10. | O gün Rəbbin qəzəbi alovlandı və and içib dedi: |
11. | “Misirdən çıxan iyirmi və ondan yuxarı yaşda olan adamların heç biri İbrahimə, İshaqa və Yaquba and içib vəd etdiyim torpağı heç vaxt görməyəcək, çünki onlar Mənim yolumda sədaqətlə getmədilər. |
12. | Ancaq Qenizli Yefunne oğlu Kalev və Nun oğlu Yeşua bu torpağı görəcək, çünki onlar yolumda sədaqətlə getdilər”. |
13. | Rəbbin qəzəbi İsrailə qarşı alovlandı və Rəbb gözündə pislik etmiş nəsil ölənə qədər onları qırx il səhrada gəzdirdi. |
14. | Budur, atalarınızın yerinə siz – günahlılar nəsli qalxaraq Rəbbin qızğın qəzəbini İsrailə qarşı daha da alovlandırırsınız. |
15. | Əgər siz indi Rəbbin ardınca getməkdən dönsəniz, O bütün bu xalqı yenə də səhrada atacaq, siz də onların ölümünə səbəb olacaqsınız». |
16. | Ruvenlilərlə Qadlılar Musaya yaxınlaşıb dedilər: «Burada sürülərimiz üçün ağıllar, övladlarımız üçün şəhərlər tikəcəyik. |
17. | Biz isə silahlanıb İsrail övladlarının qabağında getməyə hazırıq. Onlar vəd olunmuş torpağa daxil olana qədər onları tərk etmərik. Uşaqlarımız isə qoy möhkəmlənmiş şəhərlərdə qalsınlar ki, bu torpağın sakinlərindən qorunsunlar. |
18. | İsrail övladlarından hər biri öz irsini alana qədər evlərimizə qayıtmayacağıq. |
19. | Biz onlarla birlikdə İordanın o biri tayındakı torpaqdan irs istəməyəcəyik, çünki bizim payımız İordanın şərq tərəfinə düşdü». |
20. | Musa onlara belə cavab verdi: «Əgər siz belə hərəkət edib silahlanaraq Rəbbin hüzurunda döyüşə getsəniz |
21. | və Rəbb düşmənlərini hüzurundan qovana qədər hamınız Onun hüzurunda İordanın o biri tayına silahlı olaraq keçsəniz, |
22. | bu torpaq Rəbbin önündə sizə tabe olarsa, onda qayıda bilərsiniz. Rəbbin və İsrailin qarşısında borclarınızı yerinə yetirmiş olarsınız. Onda bu torpaq Rəbbin təsdiqi ilə sizin mülkünüz olacaq. |
23. | Lakin əgər belə etməsəniz, budur, Rəbbə qarşı günah etmiş olursunuz və bilin ki, günahınıza görə cəza alacaqsınız. |
24. | Uşaqlarınız üçün şəhərlər, sürüləriniz üçün ağıllar düzəldin. Lakin vədinizi yerinə yetirin». |
25. | Qadlılarla Ruvenlilər Musaya dedilər: «Ağamız necə buyurursa, biz qulların elə də edərik. |
26. | Arvadlarımız, uşaqlarımız, qoyun-keçi və mal-qaramız, burada – Gilead şəhərlərində qalacaq. |
27. | Sənin qulların – hamımız silahlanaraq, ağamız buyurduğu kimi çayı keçib Rəbbin əmri ilə döyüşə çıxacağıq». |
28. | Musa onların haqqında kahin Eleazara, Nun oğlu Yeşuaya və İsrail övladlarının qəbilə başçılarına əmr etdi. |
29. | Musa onlara dedi: «Əgər Qadlılarla Ruvenlilər silahlanaraq Rəbbin əmri ilə sizinlə İordan çayının o biri tayına keçərlərsə, torpaq zəbt olunarsa, onda Gilead torpağını onlara mülk olaraq verin. |
30. | Lakin əgər onlar silahlanıb sizinlə çayın o biri tayına keçməsələr, onlar sizin aranızda – Kənan torpağında miras alacaqlar». |
31. | Qadlılar və Ruvenlilər belə cavab verdilər: «Rəbb sənin qullarına necə deyibsə, biz də elə edərik. |
32. | Biz Rəbbin hüzurunda silahlanıb çaydan Kənan torpağına keçəcəyik, lakin bizim miras aldığımız torpaq İordanın bu tayında olsun». |
33. | Musa Emorlular padşahı Sixonun ölkəsini, Başan padşahı Oqun ölkəsini bütün ətraf şəhərləri və torpaqları ilə birlikdə Ruvenlilərlə Qadlılara və Menaşşe qəbiləsinin yarısına verdi. |
34. | Qadlılar möhkəmlənmiş şəhərlər olaraq Divonu, Atrotu, Aroeri, |
35. | Atrot-Şofanı, Yazeri, Yoqbohanı, |
36. | Bet-Nimranı və Bet-Haranı bərpa etdilər və sürülər üçün ağıllar düzəltdilər. |
37. | Ruvenlilər isə Xeşbonu, Elaleni, Qiryatayimi, |
38. | Nevonu, Baal-Meonu – onların adları sonra dəyişdirildi – və Sivmanı bərpa etdilər. Yenidən tikdikləri şəhərlərə başqa adlar qoydular. |
39. | Menaşşe oğlu Makirin övladları Gileada girib oradakı Emorluları qovdular və oranı ələ keçirdilər. |
40. | Musa Gileadı Menaşşe oğlu Makirin nəslinə verdi. Onlar orada məskən saldılar. |
41. | Menaşşe nəslindən olan Yair gedib Emorluların kəndlərini alaraq adlarını Xavvot-Yair qoydu. |
42. | Novah isə gedib Qenatı və ətrafdakı qəsəbələri aldı. Oranı da öz adı ilə Novah adlandırdı. |
← Numbers (32/36) → |