← Numbers (31/36) → |
1. | Rəbb Musaya belə dedi: |
2. | «İsrail övladlarının qisasını Midyanlılardan al. Sonra isə ölüb öz xalqına qovuşacaqsan». |
3. | Buna görə Musa xalqa belə dedi: «Aranızdan bəzi adamları silahlandırın ki, Midyanlılarla döyüşə çıxıb Rəbbin qisasını onlardan alsınlar. |
4. | İsrail qəbilələrinin hər birindən döyüşə min nəfər göndərin». |
5. | Beləliklə, İsrailin tayfalarından, hər qəbilədən min nəfər olmaqla döyüşə hazır on iki min nəfər seçildi. |
6. | Musa hər qəbilədən min nəfəri kahin Eleazarın oğlu Pinxasla birlikdə döyüşə göndərdi. Pinxas özü ilə müqəddəs yerə aid bəzi əşyaları və işarə vermək üçün kərənayları götürdü. |
7. | Onlar Rəbbin Musaya əmr etdiyi kimi Midyanlılarla döyüşüb bütün kişiləri qırdılar. |
8. | Qırılanlar arasında Midyanın beş padşahı vardı: Evi, Reqem, Sur, Xur və Reva. Beor oğlu Bilamı da qılıncla öldürdülər. |
9. | Sonra İsraillilər bütün Midyan qadınları ilə uşaqlarını əsir götürüb onların bütün naxır və sürülərini, bütün əşyalarını talan etdilər. |
10. | Midyanlıların yaşadıqları bütün şəhərlərə, obalara od vurdular. |
11. | İnsanları, heyvanları, bütün qəniməti, talan mallarını götürdülər. |
12. | Əsirləri, qəniməti, talan mallarını İordan çayının şərqində, Yerixonun qarşısında, Moav düzənliyindəki düşərgədə olan Musa ilə kahin Eleazarın və İsrail övladlarının icmasının yanına gətirdilər. |
13. | Musa, kahin Eleazar və icma rəhbərləri onları qarşılamaq üçün düşərgənin kənarına çıxdılar. |
14. | Musa döyüşdən qayıdan sərkərdələrə – minbaşılara və yüzbaşılara qəzəblənib |
15. | «Bütün qadınları nə üçün sağ saxladınız?» dedi. |
16. | «Bunlar həmin qadınlardır ki, Bilamın verdiyi nəsihətə uyub Peor hadisəsində İsrail övladlarının Rəbdən dönməsinə səbəb oldular. Ona görə Rəbbin icması arasında vəba törəndi. |
17. | İndi bütün oğlan uşaqlarını və kişi ilə yaxınlıq etmiş qadınları öldürün. |
18. | Yalnız kişi ilə yaxınlıq etməmiş cavan qızları özünüz üçün sağ saxlayın. |
19. | Aranızda kimisə öldürən yaxud meyitə toxunan hər kəs yeddi gün düşərgənin kənarında qalsın. Üçüncü və yeddinci gün özünüzü, həm də əsirlərinizi pak edin. |
20. | Hər paltarı, dəridən, keçi tükündən və ağacdan düzələn nə varsa, hamısını pak edin». |
21. | Bundan sonra kahin Eleazar döyüşdən qayıdan əsgərlərə dedi: «Rəbbin Musaya əmr etdiyi qanunun qaydası belədir. |
22. | Qızılı, gümüşü, tuncu, dəmiri, qalayı, qurğuşunu, |
23. | oda davamlı hər şeyi alovdan keçirin ki, pak sayılsın. Lakin paklama suyu ilə də paklansın. Oda davamsız şeyləri isə sudan keçirin. |
24. | Yeddinci gün geyimlərinizi yuyun, onda pak olacaqsınız, sonra düşərgəyə girin». |
25. | Rəbb Musaya dedi: |
26. | «Sən, kahin Eleazar və icmanın nəsil başçıları ələ keçirilən insanları, heyvanları, talan mallarını sayın. |
27. | Talan mallarını döyüşə çıxan igidlərlə icmanın qalan qismi arasında yarı bölün. |
28. | Döyüşə gedən igidlərə düşən insan, mal-qara, eşşək, qoyun-keçi payından vergi olaraq beş yüzdə birini Rəbbə ayırın. |
29. | Bu vergini igidlərə bölünən paydan götürüb Rəbbə ianə olaraq təqdim etmək üçün kahin Eleazara verin. |
30. | O biri İsrail övladlarına düşən paydan insan, mal-qara, eşşək, qoyun-keçi və başqa heyvanlardan əllidə birini götürüb Rəbbin məskəninə cavabdeh olan Levililərə verin». |
31. | Musa ilə kahin Eleazar Rəbbin Musaya əmr etdiyinə əməl etdilər. |
32. | Döyüşə gedən igidlərin götürdüyü talan malından bu qənimətlər qalmışdı: 675 000 qoyun-keçi, |
33. | 72 000 mal-qara, |
34. | 61 000 eşşək, |
35. | kişi ilə yaxınlıq etməmiş 32 000 qız. |
36. | Bunların yarısı döyüşə gedən igidlərə pay düşdü: 337 500 qoyun-keçi, |
37. | bunlardan Rəbbə vergi olaraq 675 qoyun-keçi verildi; |
38. | 36 000 mal-qara, bunlardan 72 mal-qara Rəbbə vergi olaraq ayrıldı; |
39. | 30 500 eşşək, bunlardan 61 eşşək Rəbbə vergi olaraq ayrıldı; |
40. | 16 000 nəfər, bunlardan 32 nəfər Rəbbə vergi olaraq ayrıldı. |
41. | Musa Rəbbin ona əmr etdiyi kimi Rəbbə vergi olaraq ayrılanları kahin Eleazara verdi. |
42. | Musanın döyüşə gedən igidlərdən ayırdığından İsrail övladlarına düşən payın yarısı bunlardır: |
43. | İcmaya düşən yarı pay 337 500 qoyun-keçi, |
44. | 36 000 mal-qara, |
45. | 30 500 eşşək, |
46. | 16 000 insan. |
47. | Rəbbin ona əmr etdiyi kimi Musa İsrail övladlarının payından hər əlli nəfərdən və heyvandan birini seçib Rəbbin məskəninə cavabdeh olan Levililərə verdi. |
48. | Ordu bölmələrində hökm verən sərkərdələr – minbaşılar və yüzbaşılar Musanın yanına gedib dedilər: |
49. | «Biz qulların hökm etdiyimiz döyüşçülərin sayını öyrəndik. Onlardan heç kim əskik deyildir. |
50. | Ona görə də hər birimiz əldə etdiyimiz qızıl əşyaları – xalxalları, bilərzikləri, üzükləri, sırğaları, boyunbağıları təqdim olaraq Rəbbə gətirdik ki, Rəbbin önündə özümüz üçün kəffarə edək». |
51. | Musa ilə kahin Eleazar qızılı və hər cür bəzək əşyalarını onlardan aldı; |
52. | minbaşılardan və yüzbaşılardan Rəbbə ianə olaraq gətirdikləri qızıl cəmi 16 750 şekel ağırlığında idi. |
53. | Döyüşə gedən igidlərin hər biri özləri üçün talan edilmiş maldan götürmüşdü. |
54. | Musa ilə kahin Eleazar minbaşılardan və yüzbaşılardan qızılı alıb İsrail övladları üçün Rəbbin önündə bir xatirə olaraq Hüzur çadırına gətirdilər. |
← Numbers (31/36) → |