← Numbers (30/36) → |
1. | Musa İsrail övladlarının qəbilə başçılarına dedi: «Rəbb belə əmr etmişdir: |
2. | bir kişi Rəbbə əhd edərək yaxud and içərək öhdəsinə nə isə götürərsə, verdiyi sözü pozmasın, ağzından çıxan hər şeyi yerinə yetirsin. |
3. | Əgər atasının evində yaşayan gənc qız Rəbbə əhd edib öhdəsinə nə isə götürərsə, |
4. | lakin atası onun əhdini və öhdəsinə götürdüyü şeyi eşidəndə ona qarşı çıxmazsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylərin hamısı qüvvədə qalar. |
5. | Amma atası bunları eşidən gün mane olarsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar, çünki atası mane olmuşdur. |
6. | Əgər qız əhd yaxud düşünmədən öhdəsinə bir şey götürdükdən sonra ərə gedərsə, |
7. | bunu eşidən əri həmin gün ona qarşı çıxmazsa, onun etdiyi əhdlər və düşünmədən öhdəsinə götürdüyü şeylər qüvvədə qalar. |
8. | Amma əri bunu eşidən gün mane olarsa, gəlinin etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar. |
9. | Dul yaxud boşanan qadının əhdi və öhdəsinə götürdüyü hər şey qüvvədə qalar. |
10. | Əgər ərli bir qadın əhd edər yaxud öhdəsinə nə isə götürərsə, |
11. | əri bunu eşidəndə ona qarşı çıxmayıb mane olmazsa, qadının bütün əhdləri yaxud öhdəsinə götürdüyü şeylər qüvvədə qalar. |
12. | Amma əri bunları eşidən gün ona mane olarsa, qadının bütün əhdləri və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Əri mane olduğu üçün Rəbb qadını bağışlayar. |
13. | Əri qadının özünü məhrum etmək üçün etdiyi əhdləri yaxud and içərək öhdəsinə götürdüyü şeyləri təsdiq edə bilər ya da mane ola bilər. |
14. | Əgər əri bir gün içində bu barədə ona qarşı çıxmazsa, bütün əhdləri yaxud öhdəliklərini təsdiqləmiş olur. Onları eşidən gün qadına qarşı çıxmamaqla təsdiqləmiş sayılar. |
15. | Əgər onları eşitdikdən bir müddət sonra mane olursa, qadının cəzasını əri çəkər». |
16. | Kişi ilə arvadı, atası ilə onun evində yaşayan gənc qızı arasında münasibət barədə Rəbbin Musaya əmr etdiyi qaydalar bunlardır. |
← Numbers (30/36) → |