← Numbers (27/36) → |
1. | Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın qızları Yusif oğlu Menaşşenin nəsillərinə mənsub idi. Qızların adları belədir: Maxla, Noa, Xoqla, Milka və Tirsa. |
2. | Onlar Musanın, kahin Eleazarın və rəhbərlərlə bütün icmanın önündə, Hüzur çadırının girişində durub dedilər: |
3. | «Atamız səhrada öldü, lakin Qorahın tərəfini tutub Rəbbə qarşı üsyan edənlərin arasında deyildi. O öz günahına görə öldü və oğulları olmadı. |
4. | Oğlu olmadığına görə onun adı öz nəsli arasından nə üçün silinməlidir? Atamızın qardaşları arasında bizə bir mülk verin». |
5. | Musa onların işini Rəbbin önünə qoydu. |
6. | Rəbb Musaya dedi: |
7. | «Selofxadın qızları doğru deyirlər: mütləq onlara atalarının qardaşları arasında mülk ver və atalarının mirasını onlara keçir. |
8. | İsrail övladlarına de ki, əgər bir adam ölərsə və onun oğlu yoxdursa, o zaman mirası onun qızına keçir. |
9. | Əgər onun qızı yoxdursa, onda mirasını onun qardaşlarına ver. |
10. | Əgər qardaşları yoxdursa, onda mirasını atasının qardaşlarına ver. |
11. | Əgər atasının qardaşları yoxdursa, o zaman mirasını nəslindən ona ən yaxın olan qohumuna ver ki, mülk onun olsun. Bu, Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladlarına qanun və hökm olsun». |
12. | Rəbb Musaya dedi: «Bu Avarim dağına çıx və İsrail oğullarına verdiyim ölkəni gör. |
13. | Onu gördükdən sonra qardaşın Harun nə cür xalqına qovuşdusa, sən də elə ölüb, xalqına qovuşacaqsan. |
14. | Çünki Zin səhrasında əmrimə qarşı çıxdınız. İcma Mənə üsyan edəndə sulara görə onların gözləri önündə Mənim müqəddəsliyimi etiraf etmədiniz». Bunlar Zin səhrasındakı Qadeşdə olan Meriva sularıdır. |
15. | Musa Rəbbə dedi: |
16. | «Rəbb – bütün bəşər ruhlarının Allahı, icma üzərinə bir adam nəsib etsin, |
17. | o da onların önündə girib-çıxsın, onların önündə döyüşə gedib-gəlsin. Qoy Rəbbin icması çobansız sürü kimi olmasın». |
18. | Rəbb Musaya dedi: «İçində Ruh olan bir adamı – Nun oğlu Yeşuanı yanına gətirərək əlini onun üzərinə qoyacaqsan. |
19. | Onu kahin Eleazar və bütün icma qarşısında dayandırıb onların gözləri önündə ona vəzifə tapşır. |
20. | Ona öz səlahiyyətindən ver ki, bütün İsrail icması ona itaət etsin. |
21. | O, hökm almaq üçün kahin Eleazarın qarşısında duracaq. Eleazar isə Urim vasitəsilə Rəbdən soruşmalıdır. Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib-gəlsinlər». |
22. | Musa Rəbbin ona əmr etdiyi kimi etdi: Yeşuanı götürüb kahin Eleazarın və bütün icmasının önündə dayandırdı. |
23. | Rəbbin Musa vasitəsilə əmr etdiyi kimi əllərini onun üzərinə qoyaraq ona vəzifə tapşırdı. |
← Numbers (27/36) → |