← Numbers (23/36) → |
1. | Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və mənim üçün burada yeddi buğa və yeddi qoç hazırla». |
2. | Balaq Bilamın dediyi kimi etdi. Balaq ilə Bilam hər qurbangahda bir buğa və bir qoç təqdim etdilər. |
3. | Bilam Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən gedim. Bəlkə Rəbb məni qarşılamağa gələcək və mənə nə göstərsə, sənə bildirərəm». Sonra çılpaq bir təpəyə çıxdı. |
4. | Allah Bilamla qarşılaşdı və Bilam Ona dedi: «Yeddi qurbangah hazırladım və hər qurbangahda bir buğa ilə bir qoç təqdim etdim». |
5. | Rəbb Bilamın vasitəsilə bir kəlam dedi: «Balaqın yanına qayıdıb belə de». |
6. | Bilam Balaqın yanına qayıtdı. Gördü ki, Balaq və Moavın bütün başçıları yandırma qurbanlarının yanında durublar. |
7. | Bilam gələcəkdən xəbər verib dedi: «Balaq məni Aramdan, Moav padşahı məni şərq dağlarından gətirdi, “Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu, Gəl İsrailə qarğış et” dedi. |
8. | Allahın lənət etmədiyinə mən necə lənət edim? Rəbbin qarğış etmədiyinə mən necə qarğış edim? |
9. | Qayaların zirvəsindən onları görürəm mən, Təpələrdən onlara baxıram. Müstəqil yaşayan, Ellərdən özünü ayıran Bir xalq görürəm. |
10. | Kim Yaqubun tozunu saya bilər? İsrailin dörddə birini Axı kim hesablar? Qoy saleh adamların ölümü ilə ölüm! Onlar necə olubsa, sonum elə olsun!» |
11. | Balaq Bilama dedi: «Mənə nə etdin? Düşmənlərimə lənət etmək üçün səni gətirdim, budur, sən onlara xeyir-dua verdin!» |
12. | Bilam cavab verdi: «Rəbbin dilimə qoyduğunu söyləməyə diqqət etməli deyiləmmi?» |
13. | Balaq ona dedi: «Xahiş edirəm, mənimlə gəl, başqa bir yerə gedək, oradan onları görəcəksən. Onların hamısını yox, bir qismini görəcəksən. Oradan mənim xeyrimə onlara lənət oxu». |
14. | Onu Pisqa təpəsindəki Sofim yaylağına apardı, yeddi qurbangah düzəltdi və hər qurbangahda bir buğa, bir qoç təqdim etdi. |
15. | Bilam Balaqa dedi: «Bir az irəlidə Rəblə görüşə gedirəm. Sən burada yandırma qurbanının yanında dur». |
16. | Rəbb Bilama görünüb nə deyəcəyini ona bildirərək dedi: «Balaqın yanına qayıt və belə de». |
17. | Beləliklə, Bilam Balaqın yanına gəldi. Gördü ki, Balaq yandırma qurbanının yanında durub. Moav başçıları da onunla bərabər idi. Balaq ondan soruşdu: «Rəbb nə dedi?» |
18. | Bilam gələcəkdən xəbər verib dedi: «Ey Balaq, oyan və dinlə; Ey Sippor oğlu, mənə qulaq as. |
19. | Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi? |
20. | Budur, xeyir-dua üçün əmr aldım; O, xeyir-dua vermişdir, Mən onu dəyişə bilmərəm. |
21. | Yaqubda bədbəxtlik üz verməyəcək. İsraildə bəla olmayacaq. Özlərinin Allahı Rəbb onlarladır, Onları padşah kimi alqışlayırlar. |
22. | Allah onları Misirdən çıxardı; Onların çöl öküzü kimi qüvvəti vardır. |
23. | Yaqub üçün edilən baxıcılıq baş tutmaz, İsrail üçün edilən falçılıq alınmaz. Bax indi deyiləcək: “Yaqub və İsrail üçün Allah nələr etdi!” |
24. | Budur, xalq dişi aslan tək oyanır, Şir kimi qalxır, Şikarını yeməyincə, Ölənlərin qanını içməyincə yatmayacaq». |
25. | Balaq Bilama dedi: «Onlara nə lənət oxu, nə də xeyir-dua ver». |
26. | Ancaq Bilam Balaqa cavab verib dedi: «Məgər sənə demədim ki, Rəbb nə desə, hamısını etməliyəm?» |
27. | Balaq Bilama dedi: «Xahiş edirəm gəl, səni başqa bir yerə aparım; bəlkə Allahın gözünə xoş gələr ki, oradan onlara mənim xeyrimə görə lənət oxuyasan». |
28. | Balaq Bilamı çölə baxan Peor təpəsinə apardı. |
29. | Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və burada mənim üçün yeddi buğa və yeddi qoç hazırla». |
30. | Balaq Bilamın dediyi kimi etdi. Hər qurbangahda bir buğa və bir qoç təqdim etdi. |
← Numbers (23/36) → |