← Numbers (21/36) → |
1. | Negevdə yaşayan Kənanlı Arad padşahı İsrail övladlarının Atarim yolundan keçdiyini eşitdi. O, İsrail övladları ilə vuruşaraq bir neçə nəfəri əsir tutdu. |
2. | İsrail övladları Rəbbə əhd edib dedilər: «Əgər, həqiqətən, bu xalqı bizə təslim etsən, o zaman onların şəhərlərini tamamilə yox edəcəyik». |
3. | Rəbb İsraillilərin səsini eşitdi. Kənanlıları onlara təslim etdi. İsraillilər də onları və şəhərlərini tamamilə yox etdilər və beləliklə, o yerin adı Xorma qoyuldu. |
4. | Xalq Hor dağını tərk edib Edom torpağının ətrafından keçmək üçün Qırmızı dəniz yolundan keçdi. Yolda onların səbri tükəndi. |
5. | Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən də iyrənirik». |
6. | O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından çox adam öldü. |
7. | Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı. |
8. | Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın». |
9. | Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı. |
10. | İsrail övladları yola düşüb Ovotda düşərgə saldılar. |
11. | Ovotdan köç edib Moavın şərqindəki səhrada İye-Avarimdə dayandılar. |
12. | Oradan da yola düşdülər və Zered vadisində dayandılar. |
13. | Oradan da yola düşüb Emorluların sərhədindən başlanan səhradakı Arnon dərəsinin o tayında dayandılar, çünki Arnon dərəsi Moavlılarla Emorlular arasındakı sərhəddir. |
14. | Bu barədə «Rəbbin Döyüşləri» kitabında yazılmışdır: «Sufada olan Vahev və vadilər, Arnon, |
15. | Arın məskəninə uzanıb Moav sərhədinə çatan vadilərin yamacları…» |
16. | Oradan Beerə yola düşdülər; Rəbbin Musaya «xalqı topla, onlara su verəcəyəm» dediyi quyu budur. |
17. | O zaman İsrail övladları bu nəğməni oxudular: «Ey quyu, suların fışqırsın, Ona nəğmə oxuyun, |
18. | O quyu ki onu başçıların açdı, Xalqın əsilzadələri Əsa ilə, dəyənəklə qazdı». Sonra səhradan Mattanaya yollandılar. |
19. | Mattanadan Naxalielə, Naxalieldən Bamota, |
20. | Bamotdan isə Moav torpağında olan dərəyə, çölə baxan Pisqa dağının yamaclarına getdilər. |
21. | İsrail Emorluların padşahı Sixona qasidlər göndərib dedi: |
22. | «Rica edirəm, sənin torpağından keçmək üçün bizə izin verəsən. Nə tarlaya, nə də bağa girəcəyik. Quyularının suyundan belə, içməyəcəyik. Sənin sərhədindən keçənədək yalnız padşah yolu ilə gedəcəyik». |
23. | Lakin Sixon İsraili öz sərhədlərindən buraxmayaraq bütün ordusunu topladı və İsrail övladları ilə vuruşmaq üçün səhraya çıxdı. Yahsaya çatanda İsraillilərə hücum etdi. |
24. | İsrail övladları onu qılıncdan keçirdilər, Arnondan Yabboqa və Ammonluların sərhədinə qədər uzanan torpaqlarını aldılar. Çünki Ammon sərhədinin möhkəm istehkamı var. |
25. | İsrail övladları bu şəhərlərin hamısını ələ keçirdilər. Xeşbon və ətrafındakı qəsəbələr daxil olmaqla Emorluların bütün şəhərlərinə yerləşdilər. |
26. | Çünki Xeşbon Emorluların padşahı Sixonun şəhəri idi. Sixon Moavın əvvəlki padşahı ilə döyüşmüş və Arnona qədər uzanan bütün torpaqlarını ələ keçirmişdi. |
27. | Bunun üçün şairlər belə deyirlər: «Xeşbona gəlin; Qoy yenidən qurulsun, Sixonun şəhəri bərpa edilsin. |
28. | Çünki Xeşbondan atəş, Sixonun şəhərindən alov çıxdı; Moavın Ar şəhərini, Arnonun təpələrinin başçılarını Yandırıb məhv etdi. |
29. | Vay halına, ey Moav! Ey Kemoşun xalqı, yox oldun! Kemoş övladları Emorluların padşahı Sixonun qarşısından qaçdı, Qızları əsir aparıldı. |
30. | Lakin biz onları məğlub etdik, Xeşbondan Divona qədər məhv oldular, Medvaya uzanan Nofahadək Hər tərəfi viran etdik». |
31. | İsraillilər Emorluların torpağında məskunlaşdı. |
32. | Musa Yazeri nəzərdən keçirmək üçün adamlar göndərdi. İsrail övladları ətraf qəsəbələri ələ keçirərək orada yaşayan Emorluları qovdular. |
33. | Sonra istiqaməti dəyişib Başana yollandılar. Başan padşahı Oq bütün ordusu ilə birlikdə Edreidə onlarla döyüşə çıxdı. |
34. | Rəbb Musaya dedi: «Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir». |
35. | İsraillilər onu, övladlarını və bütün xalqını bir nəfər qalmayana qədər qırdılar və torpağını ələ keçirdilər. |
← Numbers (21/36) → |