← Numbers (20/36) → |
1. | Birinci ay bütün İsrail övladlarının icması Zin səhrasına gəldi. Onlar Qadeşdə dayandılar. Məryəm oradaca öldü və elə orada da basdırıldı. |
2. | İcma üçün su yox idi, ona görə Musa və Haruna etiraz etmək üçün toplandılar. |
3. | Xalq Musaya narazılıq edib dedi: «Kaş ki biz də soydaşlarımızla birgə Rəbbin önündə öləydik! |
4. | Rəbbin camaatını bu səhraya nə üçün gətirdiniz? Bizim və heyvanlarımızın burada ölməsi üçünmü? |
5. | Nə üçün bizi Misirdən çıxarıb belə pis yerə gətirdiniz? Bura nə əkin, nə əncir, nə bağ, nə də nar yeridir. İçməyə belə, su yoxdur». |
6. | Musa ilə Harun camaatın önündən Hüzur çadırının girişinə getdilər və üzüstə yerə sərildilər. Rəbbin izzəti onlara göründü. |
7. | Rəbb Musaya dedi: |
8. | «Əsanı götür, sən və qardaşın Harun icmanı toplayın və onların gözü önündə qayaya su versin deyə söyləyin. Qayadan onlara su çıxart, icmaya və heyvanlarına içirt». |
9. | Musa əmr olunduğu kimi əsanı Rəbbin önündən götürdü. |
10. | Musa ilə Harun camaatı qayanın önünə topladılar və onlara dedilər: «Ey dönük olanlar, indi dinləyin; bu qayadan sizə su çıxaraqmı?» |
11. | Musa əlini qaldırdı və əsası ilə iki dəfə qayaya vurdu, qayadan bol su çıxdı. Bütün icma və onların heyvanları su içdilər. |
12. | Lakin Rəbb Musaya və Haruna dedi: «Madam ki İsrail övladlarının gözü önündə Mənim müqəddəsliyimi göstərərək Mənə iman etmədiniz, bu camaatı onlara verdiyim ölkəyə aparmayacaqsınız». |
13. | Bu sulara Meriva suları deyilir, çünki bu yerdə İsrail övladları Rəbb ilə mübahisə etdilər və Rəbb onlara Öz müqəddəsliyini göstərdi. |
14. | Musa Qadeşdən Edom padşahına bu xəbərlə qasidlər göndərdi: «Qardaşın İsrail belə deyir: “Çəkdiyimiz zəhmətin hamısını bilirsən. |
15. | Atalarımız Misirə köçdülər və biz bir xeyli vaxt Misirdə yaşadıq. Misirlilər bizimlə və atalarımızla pis rəftar etdilər. |
16. | Rəbbə fəryad etdik, O da səsimizi eşitdi və bir mələk göndərdi, bizi Misirdən çıxardı. İndi biz sənin sərhədinə yaxın bir şəhər olan Qadeşdəyik. |
17. | Sənə rica edib torpağından keçmək üçün izin istəyirəm. Biz tarladan və bağdan keçməyəcəyik, heç bir quyudan su içməyəcəyik. Padşah yolu ilə sənin torpaqlarından keçənədək sağa və sola dönməyəcəyik”». |
18. | Lakin Edomlular ona dedilər: «Torpağımızdan keçməyin, yoxsa qarşınıza qılıncla çıxarıq». |
19. | İsrail övladları onlara dedilər: «Biz əsas yolla getmək istəyirik. Əgər biz və sürülərimiz sularından içəriksə, dəyərini ödəyərik; yalnız piyada getməkdən başqa heç nə istəmirik». |
20. | Edomlular dedilər: «Keçmək olmaz». Sonra Edomlular böyük və güclü bir ordu ilə onların qarşısına çıxdılar. |
21. | Edomlular ölkəsindən İsrail övladlarının keçməsinə izin verməyəndə İsraillilər onların torpaqlarından çəkildilər. |
22. | Bütün İsrail icması Qadeşdən yola düşüb Hor dağına gəldi. |
23. | Rəbb Edom torpağı sərhədində Hor dağında Musa ilə Haruna belə dedi: |
24. | «Harun ölüb öz xalqına qovuşacaq, çünki Meriva sularında sözümə qarşı çıxdığınız üçün İsrail övladlarına vəd etdiyim ölkəyə girməyəcək. |
25. | Harunu və oğlu Eleazarı götür, onları Hor dağına apar. |
26. | Harunun paltarlarını çıxar və onları oğlu Eleazara geyindir, Harun isə oradaca ölüb xalqına qovuşacaq». |
27. | Musa Rəbbin əmr etdiyi kimi etdi və bütün icmanın gözü önündə Hor dağına çıxdılar. |
28. | Musa Harunun kahinlik geyimlərini çıxarıb oğlu Eleazara geyindirdi. Harun orada dağın təpəsində öldü. Musa ilə Eleazar dağdan endilər. |
29. | Bütün icma Harunun öldüyünü bildi. Bütün İsrail xalqı onun üçün otuz gün yas tutdu. |
← Numbers (20/36) → |