← Numbers (19/36) → |
1. | Rəbb Musaya və Haruna dedi: |
2. | «Bu, Rəbbin əmr etdiyi qanunun qaydasıdır: İsrail övladlarına deyin ki, qüsursuz, eyibsiz, heç vaxt boynuna bir boyunduruq taxılmayan bir qırmızı düyə gətirsinlər. |
3. | Onu kahin Eleazara verin. Düyə düşərgənin kənarına çıxarılsın və onun önündə kəsilsin. |
4. | Kahin Eleazar barmağı ilə onun qanından götürərək Hüzur çadırının önünə doğru yeddi dəfə çiləsin. |
5. | Onun gözləri önündə düyə yandırılsın. Dərisi, əti və qanı, bağırsağı ilə birgə yansın. |
6. | Kahin sidr ağacının budağını, züfa otunu və al rəngli ipi götürüb yandırılan düyənin üstünə atsın. |
7. | Kahin geyimlərini yusun, bədənini su ilə yusun, sonra düşərgəyə girsin. O, axşama qədər murdar sayılsın. |
8. | Qoy düyəni yandıran adam da geyimlərini yusun, bədənini də su ilə yusun və axşama qədər murdar sayılsın. |
9. | Düyənin külünü pak adam toplayıb düşərgənin kənarında pak bir yerə qoysun və İsrail övladlarının icması naminə paklama suyu düzəltmək üçün saxlanılsın. Bu, günah qurbanıdır. |
10. | Düyənin külünü toplayan adam geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu, İsrail övladları üçün və aralarında yaşayan yadellilər üçün də əbədi bir qaydadır. |
11. | Hər hansı bir insan meyitinə toxunan yeddi gün murdar olacaq. |
12. | Üçüncü və yeddinci gün özünü paklama suyu ilə paklasın ki, pak olsun. Əgər üçüncü və yeddinci gün özünü paklamasa, pak olmayacaq. |
13. | Bir ölüyə, hər hansı bir insan meyitinə toxunan və özünü pak etməyən adam Rəbbin məskənini murdar edər, o şəxs İsraildən qovulsun. Paklama suyu onun üzərinə səpilmədiyi üçün murdar sayılsın. Onun murdarlığı hələ üzərində qalır. |
14. | Çadırda ölən adam üçün təlimat belədir: çadıra girən və çadırda olan hər kəs yeddi gün murdar sayılsın. |
15. | İplə bağlanmış qapağı olmayan hər açıq qab murdar sayılsın. |
16. | Çöldə qılıncla öldürülmüş olana, bir ölüyə yaxud bir insan sümüyünə yaxud da qəbirə toxunan şəxs yeddi gün murdar sayılsın. |
17. | Murdar adam üçün yanmış günah qurbanı külündən götürüb onun üzərinə axar su tökün. |
18. | Pak bir adam züfa otunu götürüb, o suya batırsın və çadırın, bütün qabların və orada olanların üzərinə çiləsin. Sümüyə, öldürülən adama, meyitə yaxud da qəbirə toxunan adamın üzərinə də çiləsin. |
19. | Pak adam murdar adamın üzərinə üçüncü gün və yeddinci gün çiləsin və yeddinci gün bu pak olacaq. O, geyimlərini yusun, su ilə yuyunsun və axşam pak sayılsın. |
20. | Ancaq murdar olub özünü pak etməyən adam camaat arasından qovulsun, çünki Rəbbin Müqəddəs məkanını murdarlayıb. Onun üzərinə paklama suyu çilənmədiyi üçün o murdar sayılsın. |
21. | Bu onlara əbədi qayda olsun: paklama suyu çiləyən adam geyimlərini yusun və paklama suyuna toxunan adam axşama qədər murdar sayılsın. |
22. | Murdar adamın toxunduğu hər şey murdar sayılsın. O şeyə toxunan adam axşama qədər murdar sayılsın». |
← Numbers (19/36) → |