← Numbers (12/36) → |
1. | Məryəm ilə Harun Kuşlu qadından ötrü Musadan giley edirdilər. Çünki Musa özünə arvad olaraq həmin Kuşlu qadını almışdı. |
2. | Onlar dedilər: «Rəbb yalnız Musa vasitəsiləmi danışdı? Bizim vasitəmizlə də danışmadımı?» Rəbb bunu eşitdi. |
3. | Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi. |
4. | Rəbb bir anlıq Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırına gəlin». Üçü də oraya getdilər. |
5. | O zaman Rəbb bulud dirəyində endi və çadırın girişində durub Harunla Məryəmi çağırdı; hər ikisi önə çıxanda |
6. | Rəbb onlara dedi: «İndi sözlərimi dinləyin; Əgər aranızda bir peyğəmbər varsa, Mən Rəbb görüntüdə ona Özümü bildirərəm, Yuxuda onunla danışaram. |
7. | Qulum Musa isə elə deyil, O bütün evimdə sadiqdir. |
8. | Mən onunla müəmmalarla deyil, Üzbəüz açıq danışaram və O, Rəbbin surətini görür. Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?» |
9. | Rəbb onlara bərk qəzəbləndi və oradan getdi. |
10. | Bulud çadırın üzərindən çəkiləndə Məryəm cüzama tutulmuş, qar kimi ağarmışdı. Harun Məryəmə baxdıqda gördü ki, o cüzama tutulub. |
11. | Harun Musaya dedi: «Ey ağam, rica edirəm ki, axmaqlıq və günah işlədiyimizə görə bizi bu cəzanı çəkməyə qoyma. |
12. | Rica edirəm, qoyma ki onun bədəni ananın bətnindən çıxan ölü doğulmuş uşağın yarı çürümüş bədəninə bənzəsin». |
13. | Musa Rəbbə fəryad edib dedi: «Yalvarıram, ay Allah, ona şəfa ver!» |
14. | Rəbb Musaya dedi: «Əgər atası onun üzünə tüpürmüş olsaydı, yeddi gün gözdən düşməyəcəkdimi?» |
15. | Məryəm yeddi gün düşərgədən kənar yerdə saxlandı. O geri gətirilənə qədər camaat köçmədi. |
16. | Ondan sonra camaat Xaserotdan yola düşdü və Paran səhrasında düşərgə saldılar. |
← Numbers (12/36) → |