← Nehemiah (6/13) → |
1. | Divarı bərpa etdiyimi və orada uçuq-söküyün qalmadığını Sanballata, Toviyaya, Ərəb Geşemə və başqa düşmənlərimizə xəbər verdilər. Lakin mən o vaxta qədər darvazaların qapı taylarını yerinə vurmamışdım. |
2. | Sanballat və Geşem yanıma adam göndərib dedi: «Gəl Ono düzənliyindəki kəndlərin birində görüşək». Amma onlar mənə pislik etmək niyyətində idi. |
3. | Mən onların yanına qasid göndərib dedim: «Böyük bir iş görürəm və oraya enə bilmərəm. Bu işi qoyub yanınıza endiyim müddət ərzində iş nə üçün dayansın?» |
4. | Düşmənlər yanıma dörd dəfə bu xəbəri göndərdi və mən onlara eyni cavab verdim. |
5. | Sanballat beşinci dəfə nökərini eyni xəbərlə mənim yanıma yolladı və onun əlində möhürlənməmiş namə var idi. |
6. | Məktubda belə yazılmışdı: «Başqa millətlər arasında söz yayılıb və Geşem deyir ki, sən və Yəhudilər üsyan etmək niyyətindəsiniz. Divarı da buna görə tikirsən. Şayiələrə görə sən onların padşahı olmaq istəyirsən. |
7. | “Yəhudada padşah var” deyə özün haqqında car çəkmək üçün Yerusəlimdə peyğəmbərlər də təyin etmisən. İndi isə bu sözlər padşaha çatacaq. Buna görə də gəl bu barədə birlikdə məsləhətləşək». |
8. | O vaxt Sanballatın yanına adam göndərib dedim: «Dediyin şeylərin heç biri olmayıb, sən onları özündən uydurmusan». |
9. | Çünki hamı bizi qorxutmağa çalışıb deyirdi: «Bu işdən əlləri soyuyacaq və bu iş baş tutmayacaq». Ay Allah, indi Sən əllərimə qüvvət ver! |
10. | Mən Mehetavel oğlu Delaya oğlu Şemayanın evinə getdim. O, evinə qapanıb qalmışdı. Mənə dedi: «Gəl Allahın evində – məbəddə görüşək və qapılarını bağlayaq. Çünki səni öldürməyə adamlar gələcək. Bəli, gecə ikən səni öldürməyə gələcəklər». |
11. | Mən isə dedim: «Mənim kimi adam qaçarmı? Canını qurtarmaq üçün məbəddə gizlənərmi? Əsla belə etmərəm!» |
12. | Bunu başa düşdüm ki, Şemayanı Allah göndərməmişdi. Bu peyğəmbərlik sözünü mənə qarşı ona görə söyləmişdi ki, Toviya ilə Sanballat onu pulla tutmuşdu. |
13. | O məni qorxutmaq üçün muzdla tutulmuşdu ki, mən dediyini edib günaha batım. Beləcə məni pisləyib hörmətdən salmağa fürsət axtarırdılar. |
14. | Ey Allahım, Toviya ilə Sanballatı, həm də məni qorxutmaq istəyən qadın peyğəmbər Noadyanı və digər peyğəmbərləri bu əməllərinə görə yadda saxla! |
15. | Elul ayının iyirmi beşində, əlli iki gün ərzində divarın tikintisi tamamlandı. |
16. | Bütün düşmənlərimiz, ətrafımızdakı xalqlar bunu eşidəndə qorxdular və öz gözlərində çox kiçildilər. Çünki onlar başa düşdülər ki, bu iş Allahımızın köməyi ilə edilib. |
17. | Həm də o günlər Yəhudanın əyanları Toviyaya çoxlu namə göndərirdi və Toviyadan da onlara cavablar gəlirdi. |
18. | Toviya Arah oğlu Şekanyanın kürəkəni olduğuna görə Yəhudada çox adam onunla əhd bağlamışdı. Həm də Toviyanın oğlu Yehoxanan Berekya oğlu Meşullamın qızını almışdı. |
19. | Əyanlar onun yaxşı işləri haqqında mənim yanımda danışardılar və mənim sözlərimi ona çatdırardılar. Toviya məni qorxutmaq üçün namələr göndərirdi. |
← Nehemiah (6/13) → |