← Nehemiah (4/13) → |
1. | Sanballat divarı tikdiyimiz barədə eşidəndə qanı qaraldı, qəzəbləndi və biz Yəhudilərə rişxənd etməyə başladı. |
2. | O, soydaşlarının və Samariyalıların silahlı dəstəsinin qarşısında belə dedi: «Bu yazıq Yəhudilər nə edirlər? Onlar buranı təzədən quracaqlarmı? Onlar qurban kəsəcəklərmi? Görəsən bu işi bir gün bitirə biləcəklərmi? Məgər yanmış viranəlikdən yenidən daşlar yaradacaqlar?» |
3. | Onun yanında olan Ammonlu Toviya belə dedi: «Əgər tikdikləri daş divarın üstünə bir tülkü çıxarsa, ora dağılacaq». |
4. | Eşit, ey Allahımız, çünki bizə xor baxırlar. Qoy həqarətləri öz başlarına düşsün və əsir düşdükləri ölkədə talan olunsunlar! |
5. | Onların günahını əfv etmə və qoy təqsirləri Sənin yadından çıxmasın! Axı onlar bənnaları təhqir etdilər. |
6. | Biz divarın bərpasını davam etdirdik və onun hər yeri hündürlüyünün yarısına qədər bitişdirildi. Çünki xalq ürəkdən çalışırdı. |
7. | Sanballat, Toviya, Ərəblər, Ammonlular və Aşdodlular Yerusəlim divarının bərpa işlərinin irəlilədiyini və dağıdılmış yerlərin tikildiyini eşidəndə çox hirsləndilər. |
8. | Onların hamısı Yerusəlimə gəlib hücum etmək və orada qarmaqarışıqlıq salmaq üçün əlbir oldu. |
9. | Lakin biz Allahımıza dua etdik və divarın üstündə onların hədə-qorxusu qarşısında gecə-gündüz gözətçilər qoyduq. |
10. | O zaman Yəhudalılar deyirdi: «İşləyənlər taqətdən düşüb, töküntü isə çoxdur. Ona görə də biz bu divarı daha tikə bilmərik». |
11. | Düşmənlərimiz isə dedilər: «Biz Yəhudilərin arasına girib onları öldürək. Bu işi elə edək ki, kimsə nə görsün, nə də başa düşsün». |
12. | Onların yanında yaşayan Yəhudilər gəlib bizə on dəfə dedilər ki, düşmənlər hər tərəfdən bizə hücum edəcək. |
13. | Buna görə də mən qılınclı, nizəli, ox-kamanlı xalqı nəsilbənəsil divarın arxasındakı ən aşağıdakı açıq yerlərə düzdüm. |
14. | Bu vəziyyəti görəndə mən qalxıb əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə belə dedim: «Onlardan qorxmayın! Böyük və zəhmli Xudavəndi xatırlayın! Siz soydaşlarınız, oğullarınız, qızlarınız, arvadlarınız və evləriniz uğrunda vuruşacaqsınız». |
15. | Düşmənlərimiz eşitdi ki, bu iş bizə məlum olub, çünki Allah onların niyyətini boşa çıxarmışdı. Buna görə hamımız işimizə, divarın tikintisinə qayıtdıq. |
16. | O gündən sonra adamlarımın yarısı tikintidə çalışdı. Yarısı isə nizələri, qalxanları, ox-kamanlarını tutub zireh geydi. Rəislər bütün divar tikən Yəhuda xalqının arxasında keşik çəkirdi. |
17. | Yük daşıyan fəhlələr bir əli ilə iş görür, o biri əli ilə silah tuturdu. |
18. | Bənnaların da hər biri qılıncı belinə bağlayaraq divar tikirdi. Şeypurçu isə mənim yanımda idi. |
19. | Əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə dedim: «İşimiz çoxdur, tikinti sahəmiz genişdir. Biz divar üzərində olan ayrı-ayrı sahələrdə bir-birimizdən uzaqdayıq. |
20. | Harada şeypur səsi eşitsəniz, oraya – yanımıza toplanın. Allahımız bizim üçün vuruşacaq». |
21. | Beləliklə, işimizi gördük və xalqın yarısı dan söküləndən ulduzlar görünənə qədər nizə tutmuşdu. |
22. | O vaxt mən camaata dedim: «Hər kəs öz nökəri ilə birgə Yerusəlimdə gecələsin və gecə keşikdə durub, gündüz isə işləsin». |
23. | Nə mən, nə soydaşlarım, nə nökərlərim, nə də arxamda dayanan keşikçilər, heç birimiz paltarlarımızı soyunmadıq. Su gətirəndə də silah əlimizdə idi. |
← Nehemiah (4/13) → |