← Nahum (2/3) → |
1. | Ey Nineva, həlak edən qüvvə qarşına çıxdı, İstehkamını qoru, yolunu qoru, Belini möhkəm qurşa, Bütün gücünü topla! |
2. | Rəbb Yaqub nəslini İsrailin əvvəlki əzəmətinə qaytaracaq. Hərçənd quldurlar onu viran etdi, Tənəklərini dağıtdı. |
3. | İgidlərin qalxanları qıpqırmızıdır, Cəngavərlərin libasları al rəngdədir. Onlar hazır olan gün Döyüş arabalarının dəmirləri necə də parıldayır, Şam ağacından nizələr havada oynayır! |
4. | Döyüş arabaları küçələrdən dəlicəsinə qaçır, Meydanlarda ora-bura yüyürür, Məşəllər kimi parıldayır, Şimşək kimi cəld qaçır. |
5. | Nineva padşahı seçmə əsgərlərini toplayır, Amma onlar yolda büdrəyir. Düşmən orduları şəhər divarına tərəf qaçır, Qalxanlarını qaldırıb sipər qurur. |
6. | Çayların suyunu saxlayan bəndlər açıldı, Sarayı dəhşət bürüdü. |
7. | Mələkəni lüt-üryan aparırlar, Kənizləri qumru kimi inləyib Sinələrinə vurur. |
8. | Qədimdən bəri Nineva Sulu hovuz kimi idi, İndi isə sular axıb gedir, Onlara «Dayanın, dayanın!» deyirlər, Amma geri dönən yoxdur. |
9. | Gümüşü talan edin, qızılı oğurlayın, Sərvətlərin sonu yoxdur, Bol miqdarda qiymətli əşyalar var. |
10. | Nineva viran oldu, dağıldı, xaraba qaldı! Sakinlərinin ürəyi əsir, dizləri taqətdən düşür. Hamının bədənləri titrəyir, üzləri solur! |
11. | Nə oldu aslanlar yuvasına? Gənc aslanların bəsləndiyi, Şirlə dişisinin və balalarının qorxusuz gəzdiyi yerə nə oldu? |
12. | Aslan öz balalarına kifayət qədər şikar ovladı, Dişisi üçün ovunu boğazladı, Mağarasını ovladığı heyvanlarla, Yuvasını şikarla doldurdu. |
13. | Ordular Rəbbi bəyan edir: «Mən sizin əleyhinizəyəm, Döyüş arabalarınızı tüstüdə yandıracağam, Gənc aslanlarını qılınc yeyəcək, Yer üzündən şikarını kəsəcəyəm, Qasidlərinin səsi daha eşidilməyəcək». |
← Nahum (2/3) → |