Nahum (1/3) → |
1. | Bu, Nineva haqqındakı xəbərdarlıq, Elqoşlu Nahumun görüntülərindən ibarət kitabdır. |
2. | Rəbb qısqancdır, qisas alan Allahdır, İntiqam alır, qəzəblə doludur, Düşmənlərindən qisas alır, Yağılarına qarşı qəzəblidir. |
3. | Rəbb hədsiz səbirlidir, qüdrətlidir, Təqsirkarı əsla cəzasız qoymaz, Onun yolu qasırğadadır, fırtınadadır, Buludlar ayaqlarının tozudur, |
4. | Dənizə əmr edib onu qurudar, Bütün çayların sularını da qurudar, Başan və Karmel meşələri saralır, Livanın gül-çiçəyi solur. |
5. | Rəbbin hüzurundan dağlar titrəyir, Təpələr əriyir, Yer üzü Rəbbin önündə sarsılır, Dünya və onun sakinləri lərzəyə gəlir. |
6. | Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar. |
7. | Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır. |
8. | Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq. |
9. | Rəbbə qarşı nə qəsd etsələr, O hər şeyə son qoyacaq, Onlardan bir daha bəla çıxmaz. |
10. | Tikanlar kimi bir-birinə dolaşmışlar, Əyyaşlar kimi sərxoş olmuşlar, Quru küləş tək tamamilə yanacaqlar. |
11. | Ey Nineva, Rəbbə qarşı pislik düşünən Şər məsləhətçini sən yetirdin! |
12. | Rəbb belə deyir: «Aşşurlular çox və güclü olsa da, Yenə məhv olub gedəcək. Ey xalqım İsrail, sənə çox əzab vermişəm, Səni bir daha incitmərəm. |
13. | İndi boyunduruğunu parçalayıb, Qandallarını qıracağam». |
14. | Ey Nineva, Rəbb sənin haqqında Belə əmr verib: «Artıq övladların olmayacaq, adını daşımayacaq, Allahlarının məbədindən Oyma bütləri, tökmə bütləri məhv edəcəyəm. Qəbir qazacağam sənə, çünki alçaqsan! |
15. | Budur, müjdə gətirənin Ayaqları dağlar aşır, gəlir, Sülh xəbəri gətirir. Ey Yəhuda, bayramlarını keçir, Əhdlərini yerinə yetir! O pis millətin ayağı ölkəndən artıq keçməyəcək, Çünki tamamilə məhv oldu». |
Nahum (1/3) → |