← Micah (7/7) |
1. | Vay halıma! Mən bir adama bənzəyirəm ki, Yay mövsümündən sonra Meyvəsi tamam yığılmış, Tənəkləri təmizlənmiş, Nə üzüm salxımı, Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb. |
2. | Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur. |
3. | Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür. |
4. | Bunların ən yaxşısı tikandan dəyərsizdir, Ən salehi də alaq otundan pisdir. Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi Cəza günü gəldi. İndi siz çaşbaş qalmısınız. |
5. | Qonşunuza inanmayın, Dostunuza bel bağlamayın, Hətta qoynunuzda yatan arvadınızdan belə, Ağzınızı möhkəm saxlayın. |
6. | Çünki oğul atasına xor baxır, Qız anasına, gəlin də qayınanasına qarşı qalxır. İnsanın düşməni öz ev əhli olub. |
7. | Mən isə Rəbbə baxacağam, Məni xilas edən Allahı gözləyəcəyəm. O məni xilas edəcək, Allahım məni eşidəcək. |
8. | Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq! |
9. | Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, Çünki Ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm. |
10. | Düşmənim bunu görüb xəcalət çəkəcək. O mənə demişdi: «Allahın Rəbb haradadır?» Bu düşmənin məğlubiyyətini görəcəyəm, O, küçələrdə palçıq kimi tapdalanacaq. |
11. | Ey Yerusəlim, divarlarının bərpa günü yaxınlaşır, O gün sərhədlərin genişlənəcək. |
12. | O gün xalqın Aşşurdan, Misir şəhərlərindən, Misirdən Fərat çayına qədər uzanan torpaqlardan, Dənizdən dənizədək, dağdan dağadək, Sənin yanına qayıdacaq. |
13. | Lakin sakinlərinin əməllərinə görə Yer üzü viran olacaq. |
14. | Ya Rəbb, mirasın olan sürünü – Öz xalqını çomağınla otar. O, çöldə indi tənha qalır, Ətrafında isə yaxşı otlaq var. Qoy keçmiş günlərdəki kimi Başan və Gileadda otlasınlar. |
15. | «Misirdən çıxdığın günlərdəki kimi Sizə möcüzələr göstərəcəyəm». |
16. | Millətlər bunu görəcək, Öz qüvvətlərinə görə utanacaq. Əlləri ilə ağızlarını yumacaq, Qulaqları kar olacaq. |
17. | İlan kimi torpağı yalayacaq, Əsə-əsə yuvalarından sürünənlər kimi çıxacaq. Ey Allahımız Rəbb, onlar Səndən qorxub Dəhşət içində Sənə tərəf dönəcək. |
18. | Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan. |
19. | Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan. |
20. | Qədim zamanda atalarımıza and içdiyin kimi Yaqub nəslinə sədaqətini, İbrahim övladlarına məhəbbətini göstərəcəksən. |
← Micah (7/7) |