← Micah (3/7) → |
1. | Onda mən dedim: «Dinləyin, ey Yaqub rəhbərləri, Ey İsrail xalqının başçıları! Axı siz ədalətli olmalısınız! |
2. | Siz ki yaxşıya nifrət edirsiniz, Pisliyi sevirsiniz, Xalqımın dərisini soyursunuz, Ətini sümüklərindən qoparırsınız, |
3. | Siz xalqımın ətini yeyirsiniz, Dərisini soyursunuz, sümüyünü qırırsınız. Sanki qazanda, tavada bişirilən ət kimi Xalqımı doğrayırsınız. |
4. | Gün gələcək, Rəbbə fəryad edəndə O sizə cavab verməyəcək. O zaman Rəbb üzünü sizdən gizlədəcək, Çünki əməlləriniz pis olub». |
5. | Xalqını azdıran peyğəmbərlərə qarşı Rəbb belə deyir: «Yeməyiniz olanda Sülh bəyan edirsiniz. Sizə çörək verməyənlərə isə Dava elan edirsiniz». |
6. | Buna görə sizə görüntüsüz gecə gələcək, Qaranlıqda falçılıq edə bilməyəcəksiniz. Peyğəmbərlər üçün günəş batacaq, Gündüz onlar üçün zülmət olacaq. |
7. | Görücülər rüsvay olacaq, Falçılar biabır olacaq, Onların hamısı bundan utanıb susacaq, Çünki Allahdan cavab olmayacaq. |
8. | Mən isə Yaqub övladlarına üsyankarlığını, İsrailə günahını bildirmək üçün Qüvvətlə, Rəbbin Ruhu ilə, Ədalət və cəsarətlə qurşanıram. |
9. | Bunu dinləyin, ey Yaqub rəhbərləri, Ey İsrail xalqının başçıları! Siz ədalətə nifrət edirsiniz, Hər cür düzlüyü əyriyə çevirirsiniz. |
10. | Sionu qan bahasına bina edirsiniz, Yerusəlimi haqsızlıq üzərində tikirsiniz. |
11. | Rəhbərləri rüşvətlə hökm edir, Kahinləri muzdla təlim verir, Peyğəmbərləri falçılıq edib pul alır. Amma Rəbbə güvənərək belə deyirlər: «Rəbb aramızda deyilmi? Üstümüzə bəla gəlməz». |
12. | Buna görə də sizin üzünüzdən Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək. |
← Micah (3/7) → |