← Micah (2/7) → |
1. | Yatağında şər niyyətdə olanların, Yamanlıq üçün qəsd quranların vay halına! Onların gücü buna çatdığına görə Ona səhər tezdən əməl edirlər! |
2. | Tarlalara tamah salıb mənimsəyirlər, Evlərə göz dikib sahib dururlar. Ev sahibi ilə ailəsinə zülm edirlər, Adamları mirasından məhrum edirlər! |
3. | Buna görə də Rəbb belə deyir: «Bu xalqa bəla gətirməyə hazırlaşıram, Ondan boyun qaçıra bilməyəcəksiniz. Siz bir daha dikbaş gəzməyəcəksiniz, Çünki pis zaman gəlir. |
4. | O gün sizi lağa qoyub, Belə yanıqlı mərsiyə oxuyacaqlar: “Biz tamam məhv olduq! Rəbb xalqımın payını dəyişdirdi, Onu necə məndən uzaqlaşdırdı, Tarlamızı satqınlara payladı”. |
5. | Buna görə ölkə yenə püşklə bölünsə də, Rəbbin camaatı arasında sizə pay verəcək kimsə olmayacaq». |
6. | Adamlar deyir: «Vəz etməyin, Bu işlər barədə vəz etməyin, Rüsvay olmayacağıq!» |
7. | Ey Yaqub nəsli, belə deyilirmi: «Məgər Rəbbin səbri tükəndi? O belə şeylər edərmi?» Mənim sözlərim düzgün yolla gəzənlərin xeyrinə deyilmi? |
8. | Dünən xalqım idiniz, Bu gün isə Mənə düşmən oldunuz. Müharibədən qayıdanların, Yoldan sakit keçənlərin Əynindən paltarlarını alıb Onları soyursunuz. |
9. | Xalqımın qadınlarını Rahat evlərindən qovursunuz, Uşaqlarını Mənim verdiyim bərəkətdən Əbədilik məhrum edirsiniz. |
10. | Qalxın gedin, Çünki bura istirahət yeri deyil. Bu yer murdarlandığına görə Dəhşətli surətdə darmadağın olacaq. |
11. | Əgər bir adam hiyləgər ruhla gəlib yalan vəz edib desə: «Sənə vəz edim, şərab və başqa kefləndirici içkiniz bol olacaq», Bu adam xalqın vaizi olar! |
12. | Ey Yaqub övladları, Mən mütləq hamınızı bir yerə yığacağam, İsrailin sağ qalanlarını toplayacağam. Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam. Otlaqdakı sürü kimi ölkəniz adamlarla dolacaq. |
13. | Azad edən qalxacaq, Sağ qalanların yolunu açacaq. Onlar darvazanı qıracaq, Oradan keçib-çıxacaq. Padşahları onların qabağında gedəcək, Rəbb önlərində gedəcək. |
← Micah (2/7) → |