| ← Matthew (4/28) → |
| 1. | Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. |
| 2. | İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. |
| 3. | O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». |
| 4. | İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». |
| 5. | Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub |
| 6. | dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». |
| 7. | İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». |
| 8. | İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: |
| 9. | «Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». |
| 10. | İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». |
| 11. | Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi. |
| 12. | İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. |
| 13. | Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. |
| 14. | Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: |
| 15. | «Zevulun və Naftali bölgələri, Dənizkənarı yol, İordan çayının o biri tayı, Müxtəlif millətlər yaşayan Qalileya – |
| 16. | Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu». |
| 17. | O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». |
| 18. | İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. |
| 19. | İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». |
| 20. | Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. |
| 21. | İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. |
| 22. | Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər. |
| 23. | İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. |
| 24. | Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. |
| 25. | Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi. |
| ← Matthew (4/28) → |