← Matthew (2/28) → |
1. | İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib |
2. | dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». |
3. | Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. |
4. | Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. |
5. | «Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: |
6. | “Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, Çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”». |
7. | Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. |
8. | «Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. |
9. | Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. |
10. | Onlar ulduzu gördükləri vaxt çox sevindilər. |
11. | Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. |
12. | Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. |
13. | Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». |
14. | Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. |
15. | Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım». |
16. | Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. |
17. | Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: |
18. | «Ramada bir səs eşidildi, Ağlaşma və böyük fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, Təsəlli istəmir. Çünki onlar daha yoxdur». |
19. | Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb |
20. | dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». |
21. | Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. |
22. | Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. |
23. | Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi. |
← Matthew (2/28) → |