← Matthew (16/28) → |
1. | Fariseylər və sadukeylər yaxınlaşıb İsanı sınamaq üçün xahiş etdilər ki, onlara göydən gələn bir əlamət göstərsin. |
2. | Amma İsa onlara cavab verdi: «Axşam olanda siz: “Hava yaxşı olacaq, çünki göy qırmızıdır”, |
3. | səhər çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” deyirsiniz. Göyün görünüşünü seçə bilirsiniz, ancaq zamanın əlamətlərini seçə bilmirsiniz? |
4. | Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək». İsa onları tərk edib getdi. |
5. | Şagirdlər o taya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar. |
6. | İsa onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin». |
7. | Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörək götürmədiyimiz üçün deyir». |
8. | İsa bunu bilərək dedi: «Ey imanı az olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? |
9. | Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı? |
10. | Dörd min nəfər üçün yeddi çörəyi və neçə səbət yığdığınızı da xatırlamırsınızmı? |
11. | Necə anlaya bilmirsiniz ki, Mən sizinlə danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin». |
12. | O zaman onlar anladılar ki, İsa çörək mayasından yox, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə tutmuşdu. |
13. | İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?» |
14. | Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir». |
15. | İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» |
16. | Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən». |
17. | İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır. |
18. | Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. |
19. | Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq». |
20. | Bu sözlərdən sonra İsa şagirdlərə qadağan etdi ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar. |
21. | Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir. |
22. | Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!» |
23. | Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən». |
24. | Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. |
25. | Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq. |
26. | İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər? |
27. | Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək. |
28. | Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən ölməyəcək». |
← Matthew (16/28) → |