← Matthew (11/28) → |
1. | İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi. |
2. | Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini göndərib |
3. | Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» |
4. | İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin: |
5. | korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. |
6. | Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!» |
7. | Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? |
8. | Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır. |
9. | Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. |
10. | Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm, O Sənin qabağında yolunu hazırlayacaq”. |
11. | Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür. |
12. | Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. |
13. | Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi. |
14. | Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur. |
15. | Qulağı olan eşitsin! |
16. | Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız. Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız” deyib başqalarını səsləyən uşaqlara bənzəyir. |
17. | Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız. Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız” deyib başqalarını səsləyən uşaqlara bənzəyir. |
18. | Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”. |
19. | Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur». |
20. | Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə başladı. |
21. | «Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər. |
22. | Amma sizə deyirəm: qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. |
23. | Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı. |
24. | Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq». |
25. | O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. |
26. | Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. |
27. | Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz. |
28. | Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. |
29. | Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. |
30. | Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür». |
← Matthew (11/28) → |