← Mark (9/16) → |
1. | İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək». |
2. | Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi. |
3. | Onun libası göz qamaşdırıcı ağ rəng aldı. Yer üzündə heç bir paltar təmizləyən onu belə ağ edə bilməzdi. |
4. | O an İlyas və Musa onlara göründü. Onlar İsa ilə söhbət edirdi. |
5. | Peter sözə başlayıb İsaya dedi: «Rabbi! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». |
6. | O bilmirdi ki, nə desin, çünki onları dəhşət bürümüşdü. |
7. | Bu zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!» |
8. | Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa kimsəni görmədilər. |
9. | Dağdan enərkən İsa şagirdlərinə qadağan etdi ki, Bəşər Oğlu ölülər arasından dirilənə qədər orada gördüklərini heç kimə deməsinlər. |
10. | Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-birlərindən soruşdular ki, ölülər arasından dirilmək nə deməkdir. |
11. | Ondan soruşdular: «Elə isə niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» |
12. | İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır? |
13. | Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər». |
14. | Onlar şagirdlərin yanına gələndə böyük bir izdihamın toplaşdığını və bir neçə ilahiyyatçının şagirdlərlə mübahisə etdiyini gördülər. |
15. | İsanı görən kimi bütün izdihamı heyrət bürüdü və qarşısına qaçıb Onu salamladılar. |
16. | İsa adamlardan soruşdu: «Onlarla nə barədə mübahisə edirsiniz?» |
17. | Camaat arasından biri Ona cavab verdi: «Müəllim! Mən Sənin yanına lallıq ruhuna tutulmuş oğlumu gətirmişəm. |
18. | Ruh onu harada tutursa, yerə çırpır, uşağın ağzı köpüklənir, dişlərini qıcıdır və qıc olur. Şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar». |
19. | İsa da cavabında onlara dedi: «Ey imansız nəsil! Nə vaxta qədər sizinlə qalacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı yanıma gətirin!» |
20. | Uşağı Onun yanına gətirdilər və İsanı görən kimi ruh dərhal uşağı sarsıtdı. Uşaq yerə yıxılıb yuvarlanırdı və ağzından köpük daşırdı. |
21. | İsa onun atasından soruşdu: «Bu uşaq nə vaxtdan belə hala düşüb?» Uşağın atası dedi: «Körpəlikdən bəri. |
22. | Bu ruh onu həlak etmək üçün dəfələrlə oda və suya atıb. Amma bacarırsansa, bizə kömək et, bizə rəhmin gəlsin!» |
23. | İsa ona dedi: «“Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!» |
24. | Uşağın atası dərhal fəryad qopararaq dedi: «İman edirəm, kömək et ki, imansızlığım yox olsun!» |
25. | İsa camaatın qaçıb gəldiyini görəndə natəmiz ruha qadağan edib dedi: «Ey lallıq və karlıq ruhu, Mən sənə əmr edirəm, bu uşağın içindən çıx və bir daha ora girmə!» |
26. | Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü və çoxları dedi: «O öldü!» |
27. | Lakin İsa uşağın əlindən tutub qaldırdı və o, ayağa qalxdı. |
28. | İsa evə girəndən sonra şagirdləri təklikdə Ondan soruşdular: «Bəs nə üçün biz o ruhu qova bilmədik?» |
29. | İsa onlara cavab verdi: «Bu cür ruhlar yalnız dua ilə çıxa bilər». |
30. | Onlar oranı tərk edib Qalileyadan keçirdilər. İsa istəmirdi ki, kimsə bundan xəbər tutsun. |
31. | Çünki şagirdlərinə təlim öyrədirdi. Onlara belə deyirdi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək və Onu öldürəcəklər. Öldürüldükdən üç gün sonra O diriləcək». |
32. | Lakin şagirdlər bu sözü başa düşmədilər və Ondan soruşmaqdan da qorxurdular. |
33. | Onlar Kefernahuma gəldilər. İsa evdə olanda şagirdlərdən soruşdu: «Yol boyu nə barədə mübahisə edirdiniz?» |
34. | Heç kim dillənmədi, çünki yol boyu öz aralarında kimin ən böyük olması barədə mübahisə etmişdilər. |
35. | İsa oturub On İki şagirdi yanına çağıraraq dedi: «Əgər bir kəs birinci olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olsun». |
36. | O, balaca bir uşağı götürüb şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi: |
37. | «Kim Mənim adımla belə uşaqlardan birini qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni yox, Məni Göndərəni qəbul edər». |
38. | Yəhya Ona dedi: «Müəllim, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizim ardımızca gəlmədiyinə görə ona mane olduq». |
39. | İsa onlara dedi: «Ona mane olmayın! Elə bir adam yoxdur ki, Mənim adımla möcüzə göstərsin və sonra Məni pisləsin. |
40. | Çünki əleyhimizə olmayan bizim tərəfimizdədir. |
41. | Məsihə məxsus olduğunuz üçün kim sizə bir kasa su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq. |
42. | Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. |
43. | Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata şikəst olaraq daxil olmağın iki əllə cəhənnəmə, sönməz oda düşməyindən yaxşıdır. |
45. | Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın iki ayaqla cəhənnəmə atılmağından yaxşıdır. |
47. | Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək gözlə Allahın Padşahlığına daxil olmağın iki gözlə cəhənnəmə atılmağından yaxşıdır. |
48. | Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür. |
49. | Çünki hamı odla duzlanacaq. |
50. | Duz yaxşı şeydir, amma əgər duz dadsız olarsa, ona nə ilə dad vermək olar? Qoy sizdə duz və aranızda da sülh olsun». |
← Mark (9/16) → |